![](https://sportnet.az/uploads/posts/2019-05/1556950317_mahir-sukurov.jpg)
“Neftçi” sabah “Qarabağ”a qarşı öz potensialını göstərsə, demək ki, kuboku götürməyə namizəddir. Yox, məğlub olsa və ya zəif mübarizə aparsa, kubokda "ağ-qaralar"a çətin olar, hətta kənarda qala bilərlər”. Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin sabiq kapitanı Mahir Şükürov deyib.
Azərbaycan Premyer Liqasının XXIII turunda iki komanda arasında oyunu dəyərləndirən 43 yaşlı veteran futbolçu komandaların fərqli potensiala malik olduqlarını söyləyib: “Bu derbi həmişə maraqlı olub. “Neftçi” hazırda çempionatda istədiyi nəticəni əldə edə bilmir. “Ağ-qaralar” I və ya II yerlər uğrunda mübarizə aparmalı olduğu halda, aşağı pillərdə yer alır. Komandanın orta sahəsi normal olsa da, normal hücumçu yoxdur. Ötən həftə ölkə çempionatında “Zirə”yə qarşı, demək olar ki, hücumçusuz oynadılar. Yeni transfer olunan hücumçulardan heç nə gözləmirəm. Bir neçə ayda normal hücumçu gəlməyibsə, bundan sonra da olmayacaq. Bu gün Azərbaycanda heç bir klubda taran tipli hücumçu yoxdur. Bir ara “Barselona” hücumçusuz oynayırdı. Bunun üçün isə gərək orta sahənin 5 oyunçusu Xavi, İnyesta, Fabreqas, Buskets kimi oyunçulardan qurulsun ki, onlar oyunu ələ alsınlar və hücumçusuz oynaya biləsən. İndiki halda “Neftçi”yə çətindir. Buna görə də ”Qarabağ” “Neftçi”yə qarşı ciddi yanaşıb, çalışacaq ki, qələbə qazansın. Bununla çempionluğu bir az da möhkəmləndirəcək".
Şükürovun fikrincə, heyətini bir neçə futbolçunun tərk etməsinə baxmayaraq, “Qarabağ” yenə oturuşmuş komandadır: "Əsas heyətdən Juninyo gedib, yerinə Kadi gəldi. O da sonuncu oyunda qol vurdu. Bu heyət Azərbaycan çempionatına yetərincə bəs edir. Lakin avrokuboklara görə kifayət etmir, dəyişikliklik vacibdir. Reallıq var ki, “Neftçi” “Qarabağ”a qarşı psixoloji cəhətdən aşağı səviyyədədir. Bu, futboldur, hər şey ola bilər. Məsələn, ötən oyun “Zirə” ilə oyunda “Neftçi” son 10 dəqiqə ərzində 3 qol vurdu. Yenə də üstülüyümü “Qarabağ”a verirəm. Həm liderlikdə, həm də ağdamlıların futbolçu keyfiyyəti rəqibindən yaxşıdır. Fikrimcə, “Qarabağ” böyük hesabla qalib gələcək”.
Keçmiş müdafiəçi bu qarşılaşmanın həm də Azərbaycan Kubokuna hazırlıq baxımından önəmli rol oynadığını qeyd edib: “Qurban Qurbanovun komandası “Neftçi”yə qarşı tam başqa cür hazırlaşır. İstəyirəm ki, “Neftçi” “Qarabağ”a qarşı qorxaq yox, açıq futbol oynasın. Son oyunlarda necə udursa, onun ardını gətirsin. Kubok oyunu da çətin olacaq. “Neftçi”nin tək şansı kubokdur. Bu çempionat oyunlarını udmalıdırlar ki, ən azından bilək, kubokda şansı var, ya yox. Flaqman qalib gəlsə, kubokun finalına da çıxa biləcəyini söyləmək olar. Məşqçilər oyunçuları psixoloji olaraq da çox ciddi hazırlayacaq”.
Qeyd edək ki, hazırda "Qarabağ" 53 xalla liderdir, “Neftçi” isə 24 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Fevralın 15-də iki komanda arasında "Neftçi Arena"da keçiriləcək oyun saat 19:00-da başlanacaq.