
“Qarabağ”ın prezidenti Tahir Gözəl evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra jurnalistlərə müsahibə verib.
Sportnet.az-ın əməkdaşının da iştirak etdiyi müsahibədə o, komandanın çıxışını dəyərləndirməklə yanaşı, gündəmdə olan bir sıra məsələlərə də münasibət bildirib:
- “Sabah”la oyun barədə fikirləriniz necədir?
- Çətin oyun keçdi. Ağır şəraitdə, gərgin matç idi. Hava çox soyuq idi. “Sabah” Azərbaycanın iddialı komandasıdır. Bizə qarşı yaxşı oyun sərgilədilər. “Qarabağ” da gözəl oynadı. 1:1 hesablı nəticəni normal hesab edirəm. Biz də xal qazandıq, onlar da. Həm Premyer Liqada, həm də ölkə kubokunda israrlıyıq. Hər iki tərəfdə də hədəflərimiz böyükdür, çempionluq istəyirik. Bir daha şansımızı yoxlayacağıq. Keçən mövsümdən fərqli olaraq qarşımıza çıxan ağır rəqiblər, bəlkə bizdən daha şanslı olacaq. Özümüzə uyğun rəqiblər çıxsa, daha da uğurlu davam edəcəyik.
- Qış fasiləsindən sonra komandanızın çıxışları barədə nə deyə bilərsiniz?
- Çox razıyam. Kadi Borges qayıtdıqdan sonra gözəl nəticələr göstərir. Göstərir ki, “Qarabağ”dan ötən il getdikdən sonrakı Kadi ilə indiki arasında böyük fərq var. Bu, məni çox sevindirir.
- Ötən mövsümü “qızıl dubl”la başa vurmuşdunuz. Bu il üçün də yəqin, plan budur...
- Bəli, elə düşünürük. “Səbail”lə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünü gözləyirik, onu da oynayaq. “Qızıl dubl”a imza atıb, kuboku da götürəcəyik. “Qarabağ”ın inkişafı normaldır. Kadinin dönüşünü çox böyük sevinclə qarşılayıram. İnkişaf edən, özünü sübut edən futbolçulara malikik. Yeni uyğunlaşan, uzun müddət oynamayıb, indi formaya düşən futbolçularımız var ki, onlardan da böyük nəticələr gözləyirəm. İstedadlı oyunçularımız var. Baş məşqçimiz də, biz də yaxşı olacağına inanırıq. Sadəcə, vaxt lazımdır. Dəyişiklik olanda, zaman lazım olur ki, uyğunlaşma olsun. Məncə, hər oyun “Qarabağ”ın lehinə gedəcək.
- Avrokuboklarda bu mövsümdən yeni format tətbiq olundu. Yayda fərqli “Qarabağ” görə biləcəyikmi?
- İnşallah. Transfer mövzusunda hər şey Qurban Qurbanovun əlindədir. Tam səmimi etiraf edirəm, onu klub rəhbərliyi, sponsor, hamımız dəstəkləyirik. Qurban hoca çox çətin seçim edir, yəni hər adamı seçmir. Özünəməxsus dəst-xətti var. Biz onun arxasında dayanmışıq. O, nə desə, biz onu edəcəyik. Hamımız o baxımdan bir-birimizə dəstəyik.
- Yeni formata əsasən, növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Bu barədə fikirləriniz?
- Bu artım futbolun keyfiyyətinə xidmət edəcəksə, normal baxıram. Bunu təcrübədən sonra görəcəyik.
- Bəs legioner limitinin ləğvi çempionata necə təsir edəcək?
- Həm sevinir, həm də üzülürəm. Sevinirəm ona görə ki, əlimiz açılır. Rəqiblərə qarşı əlimizdə daha yaxşı imkanlar yaranır. Üzülürəm ki, qısamüddətli xeyrimizə olsa da, uzunmüddətli Azərbaycan futbolunun zərərinədir. Limit aradan qalxanda daha rahatına qaçırsan və öz yetişdirdiyin futbolçulara baxmırsan. Azərbaycan futbolunda legioner limiti uzunmüddətli qalsaydı, məncə, daha yaxşı olardı.
- Bəs “Qarabağ” olaraq yerli futbolçulara şans verməyə davam edəcəksinizmi?
- Bu, tamamilə Qurban Qurbanovun cavab verəcəyi sualdır. Bu məsələdə biz Qurban hocanı dəstəkləyirik. Əminəm ki, onun seçdiyi öz futbolçular var, onlara etibar edir. Qurban Qurbanovda bir xasiyyət var ki, bir futbolçuya inandısa, onun arxasında durur və şans verir. Ona görə texniki məsələlər sırf baş məşqçimizin cavablayacağı sualdır.
- Klubunuz üçün akademiya tikintisi mövzusunda bir yenilik varmı?
- Bu, həyatımdakı məni üzən, məyus edən ən böyük məsələdir. Təəssüf ki, yenilik yoxdur. Yer tapa bilmirik, yerimiz yoxdur, yer verilmir. Xahiş etmişik, istəmişik. Biz hər baxımdan investisiyaya da hazırıq. Suraxanıda xahiş etmişik, yer boşaldılır. Başqa uyğun yer tapa bilmirik. O barədə məndə çox böyük bir təəssüf hissi var. Bu, “Qarabağ”ın böyük əskikliyidir, bu barədə digər komandalardan da geridəyik.