
"Turan Tovuz"un sabiq prezidenti Vidadi Əhmədov AFFA İntizam Komitəsinin kluba tətbiq etdiyi 20 000 manat cərimə ilə əlaqədar Teleqraf-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- AFFA-nın kluba qarşı tətbiq etdiyi sərt cəza ilə əlaqədar fikirləriniz necədir?
- Yarışların keçirilməsinə dair Əsasnamədən tam məlumatlı deyiləm. Bildiyim qədərilə, "Turan Tovuz" klubu VAR sistemi və çəkiliş olmadan oyunun keçirilməsini şübhə altına alan bəyanat verib. Bunu da belə əsaslandırmaq olar ki, Tovuz komandası və azarkeşləri Şamaxıya gedə bilirlərsə, çəkiliş və VAR üçün avadanlıqların aparılması niyə alınmır? Şübhələrə səbəb əvvəlki turlarda hakimlər tərəfindən kluba qarşı qeyri-obyektiv münasibət olub. AFFA Hakimlər Komitəsi isə hakimlərin qərarlarını düzgün hesab edib. Nəticədə "Turan Tovuz"da ədalət təmsilçilərinin obyektivliyinə dair şübhələr yaranıb.
- Yəni, klub əsaslı bəyanat yayıb?
- Bəli. Bəyanatda oyunun ədalətli keçirilməsi şübhə altına alınıb. Klub heyəti Şamaxıya avtobusla gedib. Əslində qarlı havada avtobusla getdiyin vaxt hansısa hadisə baş verə bilər, nəinki kiçik ölçülü, bütün təkərləri işlək maşınla. Necə oldu ki, avtobus gedə bildi, amma VAR və çəkiliş maşınlarının Şamaxıya çatdırılması üçün heç bir tədbir görülmədi? AFFA oyuna VAR və çəkiliş üçün maşınların göndərilməsini təşkil edə bilərdi, bu, çətin deyildi. Aldığım məlumatlara görə, getmək olardı. Sadəcə, nəyə görəsə getməyiblər. Ola bilsin, qorxublar.
- AFFA qərarı həm də belə əsaslandırıb ki, hava şəraitinin dəyişkən olması, VAR sisteminin və canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas sayılmır...
- Düzdür, Əsasnamədə belə bir məqam var. Amma "Turan Tovuz" da VAR-sız və çəkilişsiz oyunun təşkilinə tam etiraz etməyib, sadəcə, hakimlərin qeyri-obyektivliyinin davam edəcəyinə dair şübhələrin olduğunu bildirən bəyanat yayıb. Təxirə salınmadığını gördükdən sonra isə oyunda iştirak edib. Görüş təxirə salınmayıb ki?!
- Doğrudanmı "Turan Tovuz"a qarşı hakim ədalətsizlikləri mövcuddur?
- Şəxsən bir neçə oyunda şahidi olmuşam. Bunları qərəz yox, hakim səhvi kimi qəbul edirəm. Əsas məsələ odur ki, hakim səhvi ilə əlaqədar AFFA Hakimlər Komitəsi ciddi tədbir görməli idi. Tədbir görülməməsi əsas verib ki, klub belə bəyanat qəbul etsin.
- Hakim ədalətsizlikləri konkret, hansı oyunlarda olub?
- "Sabah"a qarşı Bakıdakı həm I dovrə, həm də III dövrənin oyunlarında, eləcə də "Araz-Naxçıvan"la Tovuzdakı qarşılaşmada belə halların şahidi olmuşam.
- XX turun Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev bildirmişdi ki, Hakimlər Komitəsindəki dəyişiklik çempionata müsbət təsir göstərib. Lakin üstündən bir ay keçməmiş klub hakimlər əleyhinə bəyanat verdi. Bunu nə ilə izah edərdiniz?
- Ehtiram müəllim lazımi addımı atıb. O sözləri deməsi qəti fikir kimi qəbul olunmamalıdır. "Qarabağ"la oyunda bir hakim olub, digərində başqası. Oradakı hakim obyektiv olub, buradakı isə səhv buraxıb. Klub isə həmin səhvlərə istinad edərək bəyanat yayıb.
- 20 000 manat cəriməni düzgün qərar hesab edirsinizmi?
- Xeyr. Onsuz da klubun maliyyə vəziyyəti lazımi səviyyədə deyil. "Turan Tovuz"u bu qədər məbləğdə cərimələməyi düzgün qərar hesab etmirəm.
- Sizcə, "Turan Tovuz" hansı addımı atmalıdır?
- Daha yuxarı instansiyaya - Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına müraciət etməlidir.
- Siz klub prezidenti olduğunuz vaxt da AFFA ilə münasibətlərinizdə gərginlik var idi. Niyə AFFA ilə "Turan Tovuz" yola getmir?
- O vaxtkı ilə indiki AFFA rəhbərliklərini eyniləşdirmək istəməzdim. İndi baş verənləri hakim səhvləri kimi qəbul edirəm, o vaxtkılar isə qərəzli idi və sonda bu, təsdiqləndi. Lakin indiki durumda hakim səhvləri gələcəkdə də davam edərsə və hakimlər cəzalandırılmazsa, yenə bu barədə söhbət etmək olar.
- AFFA-nın "Turan Tovuz"u sərt cəzalandırması digər klublara da xəbərdarlıq sayıla bilərmi?
- Əlbəttə. Amma mən bunu istəməzdim. Belə hallar futbolumuzun inkişafına çox pis təsir göstərir, azarkeşlərin stadionlara axınının qarşısını alır. Çünki azarkeşlər düşünməyə başlayırlar ki, artıq futbolda ədalət yoxdur və üz döndərməyə başlayırlar. Necə ki, son ev oyununda arxalarını meydançaya tərəf çevirmişdilər. Beləliklə, AFFA-dan hakim ədalətsizliklərinin qarşısını almağı, qeyri-obyektiv hakimləri cəzalandırmağı tələb edirdilər. Hesab edirəm ki, milli assosiasiya rəhbərliyi bunları nəzərə alaraq, lazımi addımlar atmalıdır.
- Düşünmürsünüz ki, "Turan Tovuz"un hazırkı rəhbərliyi qeyri-müdrik addımlar atır?
- Mən klub rəhbərliyinin qeyri-müdrik davranışını görməmişəm. Futbolumuzun və klubumuzun inkişafı yönündə lazımi addımları atırlar, AFFA və futbol ictimaiyyətinə qarşı da qeyri-obyektiv deyillər. Sadəcə, rəhbərlik klubu müdafiə etdiyini azarkeşləri önündə də göstərməlidir. Hakimlərin qeyri-obyektiv qərarları nəticəsində əzmkarlıq, azarkeşlərin "Turan Tovuz" rəsmilərinə qarşı etimadı itə bilər. Ona görə də hesab edirəm ki, klub rəhbərliyi düzgün addım atıb.