
Uruqvayda həvəskarlardan ibarət "Paysandu" və Soriano" komandaları arasındakı OFI Kubokunun ilk final matçı kütləvi dava ilə yekunlaşıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın sonlarında "Soriano"nun futbolçusu Mario Qonsales çox təhlükəli oynayaraq, "Paysandu"nun oyunçusunu kəllə zərbəsi ilə yerə yıxıb. Buna etiraz edən rəqib komanda üzvlərindən Entso Eçevesto Qonsalesin boğazından yapışıb. Cavabında o, sifətindən güclü zərbə alıb və nokauta düşüb.
Baş hakim Qonsalesi dərhal meydandan qovub. Onu futboldan ömürlük uzaqlaşdırılma, hətta cinayət təqibi gözləyir.
Qeyd edək ki, OFI Kuboku Uruqvayda böyük populyarlığa malikdir. Yarışa bəzən Uruqvay futbolunun ulduzları da qatılırlar. Məsələn, 2024-cü ildə Uruqvay millisinin sabiq kapitanı Dieqo Qodin "Poronqos" komandasına kuboku qazanmaqda kömək edib.