
“Mənim necə futbolçu olduğumu bilənlər bilir. Çünki narazılıqlar var, bunu görür, eşidirəm. Təbii ki, bu, belə davam etməyəcək, geri qayıdacağam”.
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev fiziki durumundan danışarkən deyib.
32 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının XXIII turunda evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra özünə qarşı yönələn tənqidlərə cavab verib: “Üç ay zədəli oldum. Bu, mənə psixoloji cəhətdən çox pis təsir etdi. Çünki ardıcıl ikinci dəfədir ki, sağalıb oyuna çıxmadan zədələnirdim. Geridönüş asan deyil. Elə bir zədə almışdım ki, hər gün üzərimdə işləyirdim, istirahət günüm olmamışdı. “Qarabağ”la oyunda mənə şans verildi. Birinci oyunum idi və üç məşq keçmişdim. Buna görə tam hazır deyildim. İstədiyim kimi oyun göstərə bilmədim. Amma zədədən qayıtmışam, çox çətin bir dönəmdən keçirəm. Buna baxmayaraq, komandama istər kənarda, istərsə də oyunda hər cür dəstək olmağa çalışıram. Yaxşı günlər bizi gözləyir”.
Ötən tur “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiklərini xatırladan "Neftçi"nin oyunçusu növbəti qarşılaşmalara ciddi hazırlaşdıqlarını qeyd edib: “Ötən oyun hava şəraitinə görə çox ağır oldu. Soyuq hava hər iki komandaya çətinlik yaratdı. Buna baxmayaraq, qələbə qazandıq və sevincliyik. 3 xal bizim üçün çox vacib idi. Amma qarşıdan "Kəpəz"ə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü gəlir. Artıq ona hazırlaşırıq. İnanırıq ki, kubokda qələbə qazanaraq, mərhələni adlayacağıq. Düzdür, ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəlmişik. Amma bununla heç nə bitmir. Ona görə ciddi hazırlaşıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Daha sonra diqqətimizi çempionat matçlarına yönəldəcəyik. Cari mövsüm çoxlu xal itirmişik. Hazırda layiq olmadığımız yerdəyik. Ona görə bütün oyunlar bizim üçün çox vacibdir. Hər bir oyuna 3 xal üçün çıxacağıq. ”.
Qeyd edək ki, “Nefçi” "Kəpəz"lə fevralın 28-də üz-üzə gələcək. "Neftçi Arena"da keçiriləcək oyun saat 19:30-da başlanacaq.