
Almaniyanın Frankfurt şəhərində Avropa Liqalarının (European Leagues) 50-ci Baş Assambleyası keçirilib. Almaniya Futbol Liqası (DFL) tərəfindən təşkil edilən tədbir Avropa Liqalarının 20 illik yubileyinə həsr edilib.
Sportnet.az xəbər verir ki, Assambleyada Azərbaycan da təmsil olunub. Mötəbər tədbirdə ölkəmiz adına Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov iştirak edib. E.Abbasov Avropa Liqalarına daxil olan ölkələrin nümayəndələri ilə ümumi və təkbətək görüşlər keçirərək, fikir mübadilələri aparıb.
Baş Assambleya zamanı bir sıra mühüm qərarlar qəbul edilib. Tədbirdə İsveç Futbol Liqası rəsmisi Klaudius Şafer Avropa Liqalarının prezidenti seçilib, direktorlar şurasının yeni heyəti açıqlanıb və La Liqanın yenidən Avropa Liqalarına qoşulması rəsmiləşib. Ümumilikdə Assambleyaya 40 liqanın nümayəndəsi qatılıb. Tərəflər futbol sənayesinin idarə olunması və təkamülü yönündə ətraflı müzakirələr aparıb, yeni planlar üzərində çalışmaların startının önəmini qeyd ediblər. Beləliklə prezident və direktorlar şurasının 2025-2029-cu illəri əhatə edəcək fəaliyyəti start götürüb.
Qeyd edək ki, Peşəkar Futbol Liqası 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvüdür.