
"Neftçi" mənim üçün böyük klub və böyük komandadır".
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Ervin Koffi klubun televiziyasına müsahibəsində deyib.
O, "Neftçi"yə gəlişindən və komandadakı atmosferdən danışıb: "Azarkeşlərin hər oyunumuzu necə izlədiyini görürsünüz. Buna görə çox məmnunam. "Neftçi"nin dünyada böyük bir klub olduğunu bilirdim, buna görə də, məni transfer etmək istədiklərini öyrənəndə dərhal "bəli" dedim. Bizim çox yaxşı azərbaycanlı futbolçularımız da var. Əvvəllər onların bu qədər yaxşı olduğunu bilmirdim. Üstəlik, təlim-məşq mərkəzi yenilənib və hər şey möhtəşəmdir”.
Fransalı legioner baş məşqçiləri Samir Abasovun işinə də qiymət verib: “Əla baş məşqçimiz var. Bilirəm ki, Samir Abasov bir neçə il əvvəl "Neftçi" ilə çempionluq qazanıb. Komandaya qoşulduğu gündən dərhal öz futbol fəlsəfəsini tətbiq etməyə başladı. Biz topa sahib olmaq və topu saxlamaq üzərində çoxlu məşqlər edirik. O, komandaya qoşulandan sonra daha yaxşı nəticələr əldə etməyə başladıq. Buna görə də, hamımız xoşbəxtik və addım-addım inkişaf edirik. Çünki hər gün onunla məşq edirik. O, futbolla yaşayan bir insandır. Biz qol vuranda onun reaksiyasını görmək çox maraqlıdır".
Premyer Liqanın XXII turunda "Neftçi”nin “Zirə” üzərində 2:1 hesablı qələbə qazandığı matçın 90+3-cü dəqiqəsində qol vuran futbolçu möhtəşəm hislər yaşadığını bildirib: "Zirə" üzərində səfər qələbəsi qazanmaq və son dəqiqədə qol vurmaq çox fantastik idi. Hər oyunda belə bir qol vura bilsəm, bunu mütləq edərdim. Hamımız birlikdə atılıb-düşürdük. Sonra paltardəyişmə otağına qayıtdıq. Hər şey çox möhtəşəm idi. Motivasiyamız yüksəkdir, yalan deməyəcəm, məqsədimiz Azərbaycan kubokunda finala çıxmaq və qalib olmaqdır. Hədəfimiz kubokdur və bizi qarşıda "Sabah"la iki matç gözləyir. Buna görə də meydanda əlimizdən gələni etməliyik. Çünki bu bizim məqsədimizdir".
Koffi "Neftçi" azarkeşlərindən də danışıb: "Açığı, bəzən beynimdə deyirəm ki, onlar çılğındırlar. Məsələn, "Kəpəz"lə oynayanda qar yağırdı. Ancaq onların yarısı köynəksiz idi. Onlar əsl azarkeşdirlər. "Neftçi"ni, həmçinin futbolçuları çox sevirlər, biz də onları sevirik. Həm məğlub olanda, həm də qalib gələndə onların bizim üçün hər şeylərini verdiyini görmək məni sevindirir. Azarkeşlərimiz hər zaman bizimlədir və bu məni çox xoşbəxt edir".
Qeyd edək ki, Azərbaycan kubokunda finalçılar aprelin 23-də bəlli olacaq.