
"Topu rəqib qapısında gördükdə əvvəlcə nə baş verdiyini anlamadım. Topa ilk toxunuşum qolla nəticələndi".
Sportnet.az xəbər verir ki, bunu Belarus milli komandasının futbolçusu Nikita Demçenko "Bank Respublika Arena"da Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
23 yaşlı yarımmüdafiəçi millidə ilk qolunu vurduğu epizodu həyatının ən əlamətdar anı adlandırıb: "Belə qollar mənə tez-tez nəsib olmur. Millidə ilk qolu vurdum. Ömür boyu xatırlayacağım müsbət emosiyalar yaşadım".
Minsk "Dinamo"sundan dəvət almış futbolçu Azərbaycan yığmasından daha üstün və daha kombinasiyalı oynadıqları fikri ilə razılaşıb: "Deyə bilərəm ki, baş məşqçimiz Karlos Alos həmişə tələb edir ki, yoldaşlıq görüşü və ya rəsmi oyun olmasına fərq qoymadan oynayın. Hər bir qarşılaşmaya köklənməli, öz ölkəmiz, öz adımız üçün oynamalıyıq. Nəticə göstərmək və qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyuruq".
Qeyd edək ki, Nikita Demçenko 79-cu dəqiqədə meydana daxil olan kimi Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin kobud səhvindən sonra qapıçı ilə təkbətək qalaraq, Belarus millisinin ikinci qolunu vurub.