
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib. Matçdan sonra “qırmızı-ağlar”ın futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı düşüncələrinizi bilmək istərdik: Nəticədən razısınızmı?
- Düşünürəm ki, qol epizodları yarada bildiyimiz oyunlardan oldu. Həm “Neftçi”, həm də biz bir neçə epizod yaratdıq. Bəlkə də qələbə bizə daha çox şey verərdi. Amma məğlub olmamağımız da bizə bəzi şeylər qazandırdı. Ona görə çox düşümməyə ehtiyac yoxdur. Oyunçular, mövqe ilə bağlı bəzi problemlərimiz var, çalışırıq ki, onları aradan qaldıraq. Onda da daha yaxşı performans göstərə bilərik. İndiki halda yenə bir xal qazandıq.
- O cür başlanğıcdan sonra hamı gözləyirdi ki, bolqollu oyun olacaq. Lakin 6 dəqiqə ərzində vurulan 2 qolun ardından görüş sanki dayandı…
- Yenə də şanlarımız oldu. Bəlkə hər iki tərəf əlverişli vəziyyətlərdən qol vura bilsəydi, oyunun məcrası dəyişəcəkdi. Amma bunları edə bilmədik. Ümumilikdə yaxşı stadionda yaxşı oyun alındı.
- ”Turan Tovuz”un “Qarabağ”a 1:4 hesabı ilə uduzduğunu nəzərə alsaq, 1 xal sizə sərfəli oldumu?
- Bəli. Bir xal da qazanmaq pis olmadı.
- "Neftçi" tərəfi iddia edir ki, ikinci hissədə “Araz-Naxçıvan” oynamağa imkan vermədi. Yəni, nə özləri oynadı, nə də bizi oynamağa qoydular…
- Bacardığımız qədər rəqib komandaya yaxın oynamaq istəyirdik. Bir az təzyiqi artırsaydıq, fərqli nəticə əldə edə bilərdik.
- ”Araz-Naxçıvan”ın demək olar ki, hər oyununda meydanda insident, qarşıdurma olur. Bunun səbəbi nədir?
- Düşünürəm ki, ilk iki dövrədə rəqibləri məğlub etməyimiz onlarda müəyyən qədər aqressiya saxlayıb. Artıq sonuncu raunddur və bizdən geri almaq istəyirlər. Bəzən alınmır, onda da istər-istəməz futbolçu aqressivliyi özünü göstərir. Bu, olmasa, biz heç nəyə nail ola bilmərik. Bizə, rəqibə, topa qarşı mütləq aqressivlik olmalıdır.
- Qarşıdan “Qarabağ”a qarşı Azərbaycan Kubokun yarımfinal oyunu gəlir. Aprelin 2-də öz meydanınızda keçirəcəyiniz matça necə hazırlaşırsınız?
- Bizim işimiz budur. İstəsək də, istəməsək də hər oyuna şərh bildirməliyik. Martın 30-dan kubok oyununa hazırlaşacağıq. Fərdi, həmçinin komanda olaraq, hər bir oyuna ciddi yanaşırıq. Baş məşqçimiz Elmar Baxşıyev kubokda təcrübəlidir. Düşünürəm ki, bizi kubok oyununa yaxşı hazırlaşdıracaq. Rəqib də “Qarabağ”dır, deyiləcək söz yoxdur. Bəlkə də qrafikin sıxlığı bizə problem yaradacaq, amma “Qarabağ”a yox. Hər halda bu, bizim işimizdir, öhdəsindən gəlməliyik. Düşünürəm ki, maraqlı oyun alınacaq. Əlimizdən gələni edəcəyik ki, sona qədər mübarizə aparaq. Sona qədər hər iki cəbhədə mübarizə aparacağıq. Elə bir komanda tanımıram ki, "Kubok mənə lazım deyil, çempionluq üçün oynayacağıq" desin. Yaxud da tam əksinə.
- “Araz-Naxçıvan” turnir cədvəlində 3-cü yerdədir. Amma bu klubdan heç kim milli komandaya dəvət edilmədi. Sizcə, layiqli namizəd kim idi?
- Məncə, ən layiqli namizəd Urfan Abbasov idi. Düşünürəm ki, onu çağırmaq olardı. Yaxşı da kömək edə biləcəyinə inanırdım. Slavik Alxasovun da dəvət ediləcəyini gözləyirdim.