
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin maraqla gözlənən oyunlarından biri İspaniyada “Real Madrid” və İngiltərə “Arsenal”ı arasında keçirilib.
13-cü dəqiqədə penaltidən yararlana bilməyən Bukayo Saka 65-ci dəqiqədə hesabı açıb. Cəmi 2 dəqiqə sonra Vinisius Junior bərabərlik qolunu vurub. "Real Madrid"in bundan artığına gücü çatmayıb. Üstəlik, komandanın hücumçusu Kilian Mbappe 75-ci dəqiqədə zədələnərək, əvəzlənib. Əvəzində Qabriel Martinelli 90+3-cü dəqiqədə "Arsenal"ın qələbə topunu vurub.
Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gəlmiş "Arsenal" cavab oyununda da 2:1 hesablı üstünlüklə yarımfinala yüksəlib. Növbəti rəqib Fransa PSJ-si olacaq.
Digər matçda “İnter” İtaliyada Almaniya “Bavariya”sı ilə üz-üzə gəlib. Bu matçda da qollar ikinci hissədə vurulub.
52-ci dəqiqədə Harri Keyn Münhen komandasını hesabda irəli çıxarıb. 58-ci dəqiqə Lautaro Martines bərabərlik qolunu vurub, bundan 3 dəqiqə sonra isə Benjamen Pavar "İnter"in ikinci qolunu vurub. Bununla belə, "Bavariya" 76-cı dəqiqədə Erik Dayerin dəqiq zərbəsi ilə heç-heçəyə nail olub - 2:2. Lakin "Bavariya"nın oyunu əlavə vaxta aparacaq qələbə topunu vurması mümkün olmayıb.
İlk matçda 2:1 hesabı ilə qalib gələn "İnter" iki oyunun yekununda yarımfinala adlayıb. Finala gedən yolda rəqib İspaniya "Barselona"sı olacaq.
Yarımfinal oyunları 29-30 aprel və 6-7 mayda keçiriləcək. Final görüşü isə mayın 31-də Münhen şəhərindəki "Alyans Arena"da olacaq.
Çempionlar Liqası
1/4 final, cavab görüşləri
16 aprel
23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) - 2:2
Qollar: Lautaro Martines, 58. Benjamen Pavar, 61 - Harri Keyn, 52. Erik Dayer, 76
İlk oyun: 2:1
23:00. “Real Madrid” (İspaniya) - “Arsenal” (İngiltərə) - 1:2
Qollar: Vinisius Junior, 67 - Bukayo Saka, 65. Qabriel Martinelli, 90+3
Qolla nəticələnməyən penalti: Bukayo Saka, 13 ("Arsenal")
İlk oyun: 0:3.