
Türkiyə Kubokunda yarımfinal mərhələsinin "Konyaspor" - "Qalatasaray" matçının baş hakimi Abdullah Buğra Taşkınsoyun səhhətində problem yaranıb.
Sportnet.az xəbər verir ki, Taşkınsoy taxikardiya (ürək döyüntüsünün artması) səbəbindən oyuna çıxa bilməyib.
Nəticədə görüş 15 dəqiqə gec başlayıb. Baş hakim funksiyasını isə dördüncü hakim Ali Yılmaz yerinə yetirib.
Taşkınsoy 13 dəqiqə ərzində dördüncü hakim kimi meydanın kənarında fəaliyyət göstərsə də, səhhətində dəyişiklik olmayıb. Nəticədə o, konyalı hakim Raşit Yorğancılara yerini verərək, təcili yardımla xəstəxanaya yollanıb.
Bir müddət sonra referi özünü yaxşı hiss etdiyini söyləyərək, matçı idarə etmək istədiyini bildirib. Lakin həkimlər buna icazə verməyib.
Qeyd edək ki, 5:1 hesablı qələbə qazanan "Qalatasaray" finala yüksəlib. Rəqib "Trabzonspor" - "Göztəpə" matçının qalibi olacaq.