
"Elvin Camalov mənim dostumdur".
Bunu “Sabah”ın futbolçusu Cesse Sekidika Azərbaycan Kubokunun 1/2 final mərhələsində evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Sportnet.az-a açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi "Neftçi"nin futbolçusu Elvin Camalovla transfer barədə danışmadığını söyləyib: "Bu iddiaları şərh etmək istəmirəm. Amma həmin şəxs mən deyiləm. Elvin Camalov bizim kapitanımız olub. O, mənim dostumdur".
Sekidika finala vəsiqə qazanaraq istədiklərinə nail olduğunu bildirib: "Çox gözəl oyun oldu. "Neftçi" də yaxşı oynadı, amma biz daha yaxşı idik. Finalı daha çox istəyirdik və lazım olanı əldə etdik".
Sekidika "Qarabağ"la final matçının fərqli olacağını qeyd edib: "Mənə görə kubok finalı və çempionat oyunları fərqlidir. Final bir oyundan ibarətdir. Rəqimiz "Qarabağ" isə çox güclü top komandadır".
Qeyd edək ki, "Sabah" ümumi hesabda (2:1, 1:1) "Neftçi"ni üstələyərək finala yüksəlib. "Qarabağ"la həlledici matç mayın 31-də Mehdi Hüseynzadə adına Respublika stadionunda baş tutacaq.
"Neftçi" ilə cavab görüşü ərəfəsində "Sabah" klubu bəyanat yayıb. Rəsmi açıqlamada bildirib ki, hazırda "ağ-qaralar"ın heyətində çıxış edən Elvin Camalov keçmiş komanda yoldaşlarından biri ilə danışıqlar aparıb. Camalov "Sabah"ın adı açıqlanmayan futbolçusunun "Neftçi"yə transferində vasitəçilik etmək istəyib. Bu bəyanatdan sonra həmin oyunçunun Cesse Sekidika olduğu iddia edilib.