
"Gərgin və maraqlı oyun keçdi".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis qarşılaşmanın baş hakimi İnqilab Məmmədovdan narazı qaldığını söyləyib: "Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim də qol imkanlarımız var idi. Bunlardan istifadə edə bilmədiyimiz üçün məğlub olduq. İstəməzdim ki, uduzaq. Baş hakim "Kəpəz"in qələbə qazanması üçün hər şey etdi. "Neftçi" ilə oyunda eyni epizodda bizə penalti verilməmişdi. Bu gün isə oxşar situasiyada fərqli qərar verildi".
O, "Sumqayıt"dakı gələcəyi ilə bağlı qərarın verilmədiyini deyib: "Necə olacağını deyə bilmərəm, amma rəhbərlik hansı qərarı qəbul edəcəksə, onun arxasında olacağam. Mənim getməyim kluba xeyir verəcəksə, niyə də yox?! Digər tərəfdən də Premyer Liqada qalmışıq. Növbəti mövsümdə imkan veriləcəksə, yaxşı komanda yaradacağıqsa, mənim işimə qiymət vermək üçün kimlərinsə haqqı olacaq. Hazırda komandanın qalib gəlməsi və yuxarı pillələrdə olması üçün əlimdən gələni edirəm. Təəssüf ki, bəzi şeyləri bu gün dəyişmək mümkün deyil".
Cavadov bəzi futbolçularının həvəssiz oynadığını dilə gətirib: "İmkanım olsaydı, bəzi futbolçuları dəyişmək istərdim. Heç kimi alçaltmaq niyyətində deyiləm. Müasir futbolda qaçmırsansa, həvəsin yoxdursa, qalib gəlməyin mümkün deyil. Mənim üstümə çox şey atmaq olar, bəlkə də səhvlərim də var, amma bu komandanı mən qurmamışam. Qış transfer pəncərəsində cəmi üç transfer etmişik. İstər 8-ci olaq, istərsə də 9-cu, fakt odur ki, Premyer Liqada qalmışıq. Yenə deyirəm ki, gedişim Azərbaycan və Sumqayıt futboluna xeyir verəcəksə, hər an buna hazıram".
O, gənc futbolçulara şans verdiyini söyləyib: "2006-2007 təvəllüdlü futbolçuları bizdən başqa hansı klub oynadır? Rəşad Sadıqov da "Zirə"də bəzilərini oynadır. Digərlərində 2001 - 2005 arasında olanlardı. Bizdə onlara cavan deyilir, amma bu, belə deyil. Bizdə yetərincə gənc futbolçu olsaydı, əlbəttə, oynatmaq istərdim. Məğlubiyyətimizin və 9-cu yerdə olmağımızın səbəbkarı yalnız Vaqif Cavadov deyil. Mövsümün əvvəlində də, ortasında də komanda yaxşı oynamırdı. Buradan da demək istəyirəm ki, hər situasiyaya hazıram. Hansı qərar verilirsə-verilsin. Əsas məsələ Premyer Liqada qalmaq idi, bunu da bacardıq. Yaxşı məsəl var: həmişə Azərbaycan futbolunda legionerlərə üstünlük verilib. Əcnəbi gəlir və pulları qatlayıb gedir öz ölkəsinə".
Baş məşqçi komandasının heyətində bir çox futbolçunun yayda azad agent olacağını vurğulayıb: "Yerli oyunçuların demək olar ki, 70 faizinin müqaviləsi başa çatır".
O, mətbuat konfransında dediyin sözləri futbolçulardan çox rəhbərliyə yönəltdiyini deyib.
Gənc mütəxəssis özünün də çox səhvlərinin olduğunu bildirib: "Amma mənim səhvlərimi bilmək üçün gərək PRO və A kateqoriyasını oxuyasınız".
Cavadov görüşdə qırmızı vərəqə alan kapitan Vüqar Mustafayevin meydanda can qoyduğunu söyləyib: "Qırmızı vərəqə alsa da, mövsümü bitirsə də, heç kim ona irad səsləndirə bilməz. Zədəli ola-ola meydanda can-başla var gücünü qoyur. Yayda bitəcək müqaviləsinin artırıb-artırmayacağına özü qərar verəcək".