
"Oyun barədə çox danışa bilməyəcəyəm".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının çox zəif oynadığını söyləyib: "Rəqib bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşma və istiqamətlə son oyunları düşünməliyik".
O, futbolçusu Ramon Maçadonun əvəzlənməsinin səbəbini açıqlayıb: "Bu gün ən zəif oyununu keçirirdi. Sarı vərəqə limitinə girdiyinə görə gələn turu da düşündük. Komanda olaraq da zəif oynadıq. Bunu qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi".
Baş məşqçi növbəti turda "Şamaxı" ilə görüşdən sonra üçüncü yeri rəsmiləşdirə biləcəklərini deyib: "Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, toparlanaraq, istəyimizə çataq".
Baxşıyev futbolçularında rahatlığın olduğunu söyləyib: "Qarabağ" daha istəkli idi. Səbəbini axtarsaq, dərinə gedəcəyik. Hər şey təsir edə bilər. Bir az rahatlıq var idi, gizlətmək mümkün deyil. Dünənki oyunun nəticəsi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək".
Baş məşqçi son olaraq "Araz-Naxçıvan"ın növbəti mövsümdən ev oyunlarını Naxçıvanda keçirib-keçirməyəcəyi barədə məlumatının olmadığını vurğulayıb.