
İspaniyanın "Real" klubunun 28 yaşlı futbolçusu Xesus Valyexo karyerasında ilk dəfə məhsuldar ötürmə müəllifi olub.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, bu, La Liqanın XXXVI turunda, "Malyorka" ilə matçda reallaşıb.
Müdafiəçi 2:1 hesabı ilə qələbə qazandıqları görüşün 90+5-ci dəqiqəsində komanda yoldaşı Xakobo Ramona məhsuldar ötürmə edib. Ona bunun üçün 121 matç lazım olub.
X.Valyexo indiyə qədər karyerası ərzində icarə əsasında çıxış etdiyi İspaniyanın digər klubu "Qranada"da 54, Almaniya təmsilçisi "Ayntraxt"ın heyətində 27, "Vulverhempton"da (İngiltərə) 7 və hazırkı komandasında 33 oyun keçirib.
Qeyd edək ki, "Real" hazırda 78 xalla turnir cədvəlində ikincidir. Madrid klubu lider "Barselona"dan 4 xal geri qalır.