
"Düzdür, oyunumuz o qədər də effektiv olmadı, amma sanki bizi cavanlaşdırdı".
Bunu "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
"Neftçi 2000-lər" komandasının heyətində meydana çıxan veteran futbolçu qarşılaşmanın onda gözəl hisslər yaratdığını söyləyib: "Çoxdandır veteranlarla görüş keçirilmirdi. Bizim üçün də gözəl hisslər yaratdı, bir növ gənclik illərimizə qayıtdıq".
Hüseynov Milli Gimnastika Arenasının tribunalarında "Qarabağ" və "Neftçi" azarkeşlərinin bir-birilərinə ünvanladığı şüarlara reaksiya verib: "Bu da bir gözəllikdir. Futbolu gözəlləşdirən məhz azarkeşlərdir. İstərdim ki, həm "Neftçi"nin, həm də "Qarabağ"ın azarkeşləri daim öz komandalarını dəstəkləsinlər. Yaxşı və pis gündə komandanın yanında olmaq futbolçuları ümidləndirir və ruhdan düşməyə qoymur".
O, Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında Azərbaycan millisinin çempion olacağına ümid etdiyini bildirib: "Çox şadıq ki, belə bir turnir Azərbaycanda keçiriləcək. Milli komandaya da uğurlar arzu edirəm, ümidvaram ki, birinci yeri tutarlar".
Qeyd edək ki, mayın 21-də start götürəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda ilk görüşünü mayın 21-də Bəhreynə qarşı keçirəcək. Oyun saat 20:30-da başlayacaq. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək milli saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da çalınacaq. Mundiala iyunun 1-də yekun vurulacaq.