
“Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş səfərdə Latviya yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
71 yaşlı mütəxəssis futbolçularının ikinci hissədə topa nəzarət etdiyini bildirib: “Rəqibin qapısında təhlükə yarada bilirdik, onlar isə buna çalışsalar da edə bilmirdilər. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələr üzərində çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi”.
O, Latviyaya qələbə qazanmaq üçün getdiklərini söyləyib: “Amma o komanda ki, topa nəzarət etmir, heç vaxt qələbə qazana bilməz. Təhlükəli epizodlar yaradırdıq, amma qapıya zərbə vurmuruq”.
Portuqaliyalı mütəxəssis Mahir Emrelinin yaxın məsafədən qapıya dəqiq zərbə vura bilməməsinin futbolun bir hissəsi kimi qiymətləndirib: “Belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Nəriman Axundzadənin də epizodları var idi. Oyunu ümumi təhlil etsək, komanda pis çıxış etmədi. Bəzi məqamlar var ki, daha yaxşı etməliyik”.
O, zədələnərək meydanı tərk edən Elvin Bədəlovun durumu barədə dəqiq məlumatın olmadığını bildirib: “Ayağında problem var. Həkimlər müayinə etdikdən sonra dəqiq məlumat verəcəklər”.