
Türkiyə təmsilçisi "Qalatasaray" komandadan ayrılan qapıçı Fernando Musleranın mümkün əvəzedicilərini axtarır.
Sportnet.az xəbər verir ki, İstanbul nəhəngi bu mövqeyə 5 qolkiperi namizəd seçib.
Son Türkiyə çempionlarının əsas hədəfi İspaniyanın "Real Madrid" klubunun futbolçusu Andrey Lunindir. "Kral klubu" ukraynalı qapıçısı üçün 25 milyon avro tələb edir.
"Sarı-qırmızılar"ın sıyahısında ikinci sırada "Trabzonspor"un "çərçivə qoruyucusu" Uğurcan Çakırdır. Türkiyə millisinin üzvü ilə Fransanın "Monako" klubu da maraqlanır. Qara dəniz təmsilçisi Çakırı xarici komandaya satmaq niyyətindədir.
"Cim-Bom"un üçüncü hədəfi Fransanın "Nitsa" komandasında çıxış edən Martsin Bulkadır. Müqaviləsinin son ilinə qədəm qoyan polşalı qolkiper klubda yaranan maliyyə problemləri səbəbindən satışa çıxarıla bilər. 26 yaşlı oyunçunun özü İngiltərə Premyer Liqasında oynamaq istəyir.
Okan Burukun rəhbərlik etdiyi kollektivin 4-cü seçimi Almaniya təmsilçisi “Frayburq”un gənc qapıçısı Noa Atuboludur.
Daha bir namizəd isə Yunanıstan PAOK-unun qolkiperi Dominik Kotarskidir.
"Qalatasaray" rəhbərliyi qapını əmanət edəcəyi oyunçuya qısa zamanda aydınlıq gətirmək niyyətindədir.
Xatırladaq ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edib. O, başa çatan müqaviləsini yeniləməyib.