
"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində İsveç yığmasına qarşı yoldaşlıq görüşündə iştirak edib.
Sportnet.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Stokholmdakı "Friends Arena"da təşkil olunmuş qarşılaşmanın 60-cı dəqiqəsində meydana daxil olub.
Həmin vaxt İsveç yığması 4:0 hesabı ilə öndə olub.
Benzia 64-cü dəqiqədə komanda yoldaşı İsmael Bennaserə məhsuldar ötürmə verib. 71-ci dəqiqədə isə Benzianın özü qol vurub. 87-ci dəqiqədə Əlcəzair yığması penaltini də dəqiq yerinə yetirib və oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3.
Qeyd edək ki, Yassin Benzianın "Qarabağ"la müqaviləsi iyunun sonlarında başa çatacaq. Onunla müqavilənin uzadılmasına dair danışıqlar hələlik nəticə verməyib.