
Azərbaycanlı məşqçilər və təlimatçılar Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yollanıblar.
Bu barədə Sportnet.az-a 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, iyunun 20-dək davam edəcək səfər müddətində 10 məşqçi və 4 təlimatçı Pro lisenziyası kursunun 1-ci modulu üzrə oyun analizləri aparacaqlar. Nəbiyev bildirib ki, Slovakiyada məşqçi qismində Aqil Nəbiyevdən əlavə, Zamir Həsənov, Fərid Namazov, Elman Sultanov, Rəşad Abdullayev, Aleksandr Qross, Rüstəm Məmmədov, Çudomir Çakarov, Elnur Çodarov və Vaqif Cavadov iştirak edir. Təlimatçılar isə Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və Ramin Quliyevdir.
Baş məşqçi izlədiyi açılış oyununu qısa analiz edib: "Avropa çempionatında 16 ölkə mübarizə aparır. Hamı fərqli-fərqli oyunlar izləyir. Mən açılış oyunu olan Slovakiya - İspaniya matçında oldum. Maraqlı keçdi, 20 minədək azarkeş izləyirdi. 2 fərqli hissə oldu. İlk yarıdan sonra İspaniya 2:0 hesabı ilə öndə idi. İkinci hissənin əvvəllərində Slovakiya ardıcıl qollarla hesabı bərabərləşdirdi. Lakin son dəqiqələrdə İspaniya standart vəziyyətdən daha bir dəfə fərqlənərək, qələbə qazandı - 3:2. Həqiqətən də maraqlı oyun keçdi. Biz İspaniya millisinin daha üstün oyun sərgiləyəcəyini gözləyirdik, lakin Slovakiya asanlıqla təslim olmadı. Meydan sahibləri yaxşı mübarizə apardı, düzgün taktiki anlayışları var idi".
Gənc mütəxəssis Azərbaycanın U-21 yığmasının Avropa çempionatında iştirak edən Gürcüstan millisindən zəif olması fikri ilə razılaşmayıb: "Yuxarı yaş qruplarımızdan ibarət komandalarımızın Gürcüstan səviyyəsinə yüksəlməsinin çətin olduğu fikri ilə razılaşmıram. Özüm U-19 millisinin baş məşqçisi olduğum vaxt gürcülərə qarşı oynamışıq və həm səfərdə, həm də evdə 2:1 hesablı qələbə qazanmışıq. Sadəcə, yanaşma düzəlməlidir. Söhbət həm futbolçulara, həm də işə yanaşmadan gedir".