
“Qarabağ” rəsmiləri ilə Türkiyənin "Fənərbağça” klubunun prezidenti Ali Koç arasındakı görüşün mümkün transferlərlə heç bir əlaqəsi yoxdur.
Bu barədə Sportnet.az-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov açıqlamasında bildirib.
O, görüşdə transferlərlə bağlı məsələnin müzakirə olunmadığını bildirib: “Ali Koç dostumuz, qardaşımızdır. Azərbaycana gəldi, biz də qonaqpərvərliyimizi göstərdik. Sağ olsun, bizə də vaxt ayırdı. Səfər idmanla bağlı deyildi. “Koç Holding” olaraq gəlmişdilər, özlərinin şəxsi işləri vardı, bizimlə əlaqəli deyildi".
Əsgərov Koçla Avropa Klublar Birliyinin İdarə Heyətində və UEFA-nın Yarışların Təşkili Komitəsi üzvlüyündə birlikdə təmsil olunduqlarını xatırladıb.
“Qarabağ” rəsmisi Türkiyə nəhəngi ilə yoldaşlıq görüşünün planlaşdırılmadığını da əlavə edib: “Ali Koçu dost, tanış olaraq klubumuza dəvət etməliydim. Görüş əsnasında yoldaşlıq görüşü barədə hansısa məsələləri müzakirə etmək mümkündür. Amma deyək ki, “Fənərbağça” ilə “Qarabağ” arasında oyun baş tutacaq, bu, yanlış olar. Çünki onların ayrı, bizim fərqli proqramımız var. Onlar UEFA Çempionlar Liqasının III təsnifar, biz II təsnifat mərhələsindən başlayacağıq. Bu gün-sabah onlarla yoldaşlıq görüşü oynayacağıq demək səhv olar”.
Əsgərov gələcək transferlərdən də söz açıb: “Baş məşqçinin istəyi ilə nə qədər transfer edə bilsək, o qədər olacaq. Transfer məsələsi elə də asan bir şey deyil ki, mən filankəsi istədim, o da bizə gəldi. Elə şey olmur. Bir qədər mürəkkəb məsələdir, çünki ayrı-ayrı tərəfləri var. Bütün tərəflər isə bizdən asılı deyil. Biz yalnız özümüzə cavabdehik. Gərək bütün tərəflər, yəni, futbolçu, onun klubu, biz və bizim təklifimiz üst-üstə düşsün ki, transfer baş tutsun. Bu, kompleks işdir. Hansı mövqelərə alınsa, o futbolçunu da cəlb edəcəyik. Gördüyünüz kimi, iki transfer etmişik. Çalışacağıq ki, yeni oyunçularla da komandanı gücləndirək. Razılaşdığımız futbolçu olarsa, açıqlayacağıq”.
Qeyd edək ki, Türkiyə və Niderland mətbuatında yer alan xəbərlərə görə “Qarabağ” serbiyalı futbolçu Duşan Tadiçi transfer etmək istəyir, hətta onun agenti ilə danışıqlar aparılıb. 37 yaşlı yarımmüdafiəçi ötən mövsüm İstanbul təmsilçisinin heyətində 53 oyunda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Klubun mətbuat katibi Anar Hacıyev isə bu məlumatı təkzib edib.