
“İnanın ki, əvvəl Qarabağı görməyərək sevirdim, indi görüb daha çox sevməyə başladım”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
53 yaşlı mütəxəssis Gənclər və İdman Nazirliyi ilə “köhlən atlar”ın təşkil etdiyi Qarabağ torpaqlarına səfəri barədə təəssüratlarını belə ifadə edib: “Bu torpaqlara çoxdan belə səfər etməyi düşünürdük. Neçə illərdir bu cür şansımız olmurdu ki, komanda ilə birlikdə burada gəlib iştirak edək. Bu gün bizə nəsib oldu. Əlimizə düşən fürsətdən istifadə etdik”.
Qurbanov Qarabağda gördüyü dəyişikliklərdən də danışıb: “Hava limanından Şuşaya, Xankəndi, Ağdama gəldik, buradan isə Füzuliyə gedəcəyik. Bəzi yerlər barədə eşitsək də, görməmişdik. Biz həmin yerləri, düşmənin nə qədəd zərər vurduğu, necə dağıntılar etdiyini gözümüzlə gördük. Bundan təxminən bir il əvvəl gəlmişdim. Qısa müddətdə nə qədər dəyişiklik, yenilik olub. Başda cənab Prezident İlham Əliyev olmaqla, bütün əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu cür ürəkdən çalışır, belə bərpa işləri görürlər”.
Baş məşqçi Qarabağa səfərin komandanın futbolçularında da xoş təəssüratlar yaratdığını vurğulayıb: "Daha əvvəl futbolçular buraya gəlmişdilər. Həmin vaxt mən olmamışdım, üzrlü səbəblərə görə gələ bilməmişdim. Pandemiya vaxtı idi. Bəziləri gəlmişdilər. Ümumi təəssüratları Bakıya qayıtdıqdan sonra bölüşəcəyik. Amma ümumən, gəlməmişdən əvvəl bildirilmişdi ki, çox dəyişikliklər olub, gördüklərinizə inanmayacaqsınız. Elə də oldu. Onlara da maraqlı idi ki, görəsən, indi necədir? Gəldilər, "İmarət"i gördülər. O vaxt gələndə hətta burada futbol da oynamışdılar. İndi isə daha fərqli oldu. Yeni qurulacaq "İmarət" stadionunu gördük.
Bu da çox xoş oldu. Biz bunu cənab Prezident təməlini qoyanda televiziya vasitəsilə görmüşdük. Amma indi tam yaxından gördük. Yalnız xoş təəssüratlarımız var. Legionerlər də bilirlər ki, hərdən burada olmaq onların borcudur".
Qurbanov yerli sakinlərlə görüşün də vacibliyinə diqqət çəkib: "Biz də burada yaşayan insanların yanında olmaq istəyirik. Onlara başqa cür dəstək verə bilmirik. Burada yaşamaq onlar üçün hazırda bəlkə də əyləncəli deyil. Amma ən azından, bura gələrək, futbolçularımızı da göstərdik. Eləcə də çempionluq kubokunu gətirdik. Məncə, bu da onlar üçün maraqlı oldu. Çox istərdik ki, tez-tez onlara dəstək olaq. Bizi üzürlü hesab etsinlər".
Təcrübəli mütəxəssisin sözlərinə görə, gələn ay "Qarabağ"ın avrokubok oyunları başlayacağından, komanda ciddi iş rejiminə keçəcək. Lakin o, imkan olduqca yenə ağdamlı sakinlərin yanında olacaqlarını diqqətə çatdırıb: "Dəstəklərini uzaqdan hiss edirdik, burada isə nə qədər azarkeşi canlı gördük.
Həm azyaşlı, həm də ortayaşlı tamaşaçılarımız statistikanı çox yaxşı bilirlər. Çempionluqları, əldə etdiyimiz kubokları, Avropadakı oyunlarımızın statistikasını dəqiq bilirlər. Görürsən ki, hansısa oyundan maraqlı sual verirlər. Olduqca maraqlı oldu. Biz onlar üçün futbol oynayırıq. Çalışacağıq ki, qarşıdakı mövsüm daha da yaxşı nəticələr əldə edək. Hər zaman qeyd etdiyim kimi, məsuliyyətimiz daha da artır”.