
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha bir qrupda mübarizəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, F qrupunda III turun oyunları nəticəsində Almaniyanın "Borussiya" (Dortmund) və Braziliyanın "Fluminense" komandaları 1/8 finala yüksəlib.
"Fluminense" CAR-ın "Mamelodi Sandaunz" kollektivi ilə görüşdə qolsuz heç-heçə edib.
"Borussiya" isə Cənubi Koreya "Ulsan"ını minimal hesabla yenib - 1:0. Yeganə qolu 36-cı dəqiqədə Daniel Svensson vurub.
Nəticədə xalını 7-yə çatdıran "Borussiya" liderliyə yüksəlib. 5 xala malik "Fluminense" isə qrupu ikinci pillədə tamamlayıb.
4 xalı olan "Mamelodi Sandaunz" və xalsız "Ulsan" qrupda qalıb.
Bu gecə Bakı vaxtı ilə saat 05:00-da E qrupunun "İnter" (İtaliya) - "River Pleyt" (Argentina) və "Urava Reds Daymonds" (Yaponiya) - "Monterrey" (Meksika) görüşləri start götürəcək. Qarşılaşmaların yekununda qrupda ilk yeri tutan komanda 1/8 finalda "Fluminense"yə, ikinci yerin sahibi "Borussiya"ya rəqib olacaq.