
FIFA-nın İntizam Komitəsi Serbiyanın "Partizan" klubunun yeni oyunçuları qeydiyyatdan keçirməsinə qadağa qoyub.
Sportnet.az xəbər verir ki, səbəb Belqraf təmsilçisinin "Qarabağ"dan 2022-ci ildə transfer etdiyi futbolçu Patrik Andradeyə görə 270 min avro borcunu ödəməməsidir.
"Partizan"ın ümumi borcunun 320 min avro olduğu da vurğulanır.
Klub bununla bağlı yaydığı bəyanatda bildirib ki, əslində Andradeyə borc 242 min avro olub. Məhkəmə kabo-verdeli yarımmüdafiəçinin xeyrinə qərar çıxarıb. Futbolçunu təmsil edən şirkətə ödəniş iyunun əvvəllərinədək edilmədiyi üçün üzərinə gecikmə faizləri də gəlib və borc 270 min avroya çatıb.
"Partizan"ın rəsmi açıqlamasında borcun əvvəlki rəhbərliyin günahı üzündən yarandığı diqqətə çatdırılıb: "Andradeni təmsil edən şirkət əvvəlki rəhbərliyin daim onları aldatdığını və əldə olunmuş razılaşmaları pozduğunu bildirərək, kompromisin mümkünsüzlüyünü bildirib. Hazırkı rəhbərlik olaraq, çoxlu sayda mübahisələr və yerinə yetirilməmiş maliyyə öhdəlikləri ilə qarşılaşmışıq. Onların 10-dan çoxu uğurla həll olunub. Bu da klubun ümumi borcunun azaldılmasına səbəb olub. Hüquq departamentimiz əvvəlki rəhbərlikdən bizə miras qalan işləri sistematik həll edir. Bu mübahisə ilə bağlı iddia bir neçə ildir davam edir və gələn həftənin əvvəllərində həllini tapacaq və "Partizan"a qoyulan müvəqqəti qadağa götürüləcək. Nəticədə idman şöbəmizin işinə və yeni oyunçuların qeydiyyata salınmasına heç bir maneə qalmayacaq. Klubumuz və indiki rəhbərlik şəffaflıq və məsuliyyətli idarəçilik prinsiplərinə sadiq qalır".
Daha əvvəl klub agent Prosper Uvizeyə 50 min avro borcu ödəmədiyi üçün cəzalandırılıb.
Serbiyada transfer pəncərəsi iyulun 1-də açılacaq və sentyabrın 19-dək davam edəcək.
Qeyd edək ki, iyunun 17-də İdman Arbitraj Məhkəməsi "Partizan"ın Patrik Andradeyə qarşı qaldırdığı iddiaya baxıb. Qərar hələlik ictimaiyyətə açıqlanmayıb.
Andrade iyunun 22-də "Araz-Naxçıvan"la 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Sabah" Sloveniya "Tsele"sini Avropa Liqasının I təsnifat mərhələsində üstələyəcəyi təqdirdə, "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr) cütünün qalibi ilə qarşılaşacaq.