
“Ən vacib məqam iyulun 23-də bizim hansı vəziyyətdə olmağımızdır”.
Sportnet.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduqları yoxlama oyunu barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis ilk sınaqlarından məmnun qaldığını bildirib: “Futbolçular gözlədiyimdən daha yaxşı özlərini göstərdirdilər. Bu da bizi sevindirir. Qol buraxmaq həmişə problemdir. Bununla yanaşı, əlimizə düşən fürsətlərdən də istifadə edə bilmədik. Amma bu gün nəticə mənim üçün önəmli deyildi. 4:0 udsaydıq da, mənim üçün dəyişən bur şey olmayacaqdı. Vacib olan futbolçuların oyun praktikalarını yaxşılaşdırmaqdır. Rəsmi oyunlarda belə qollar buraxsaq və epizodlardan istifadə edə bilməsək, bu, məni narahat edər. Nə qədər ki, hazırlıq dövrüdür, bu məqamlar təhlükəli deyil. İndi vacib olan yoldaşlıq görüşlərində daha yaxşı çıxış etməkdir. Avrokubok oyununa qədər fərdi qaydada formada olmağa çalışacağıq”.
Sadıqov UEFA Konfrans Liqasında qarşılaşacaqları Xorvatiya "Hayduk"unu belə dəyərləndirib: “Komandamızın üzərində xüsusi təzyiq hiss etmirik. Avropa Liqasına düşsəydik, I təsnifat mərhələsindən başlamalı idik. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir. Rəqib güclüdür, biz də özümüzü güclü hesab edirik. Maraqlı oyunun şahidi olacağıq”.
O, avrokubok oyunları üçün “Neftçi Arena” seçiminin səbəbini belə izah edib: “Hazırda Azərbaycanda, xüsusilə də beynəlxalq oyunlar keçirmək üçün ən ideal stadiondur. Hər iki tərəfin üstünlüyü olacaq. Kiçik stadionda oynamaq fərqlidir. Amma böyük arena rəqiblərdə də motivasiyanı artırır. Biz gözəl oyunun tərəfdarıyıq. Oranı seçməyimizə ilk səbəb “Liv Bona dea Arena”da “Araz-Naxçıvan”ın avrokubok oyunlarını keçirəcəyi və təqvimimizin üst-üstə düşməsidir. İkinci səbəb isə “Neftçi”nin Avropaya yollanmamasıdır. Ona görə biz xahiş etdik, klub rəhbərliyi sağ olsun ki, oyunlarımızı orada keçirməyə icazə verdi. Onlara təşəkkür edirəm. Əks halda, başqa alternativlər axtarmalı idik. Azarkeşlər, hamı üçün rahat olacaq. Biz də istəyirik, baxımlı və gözəl futbol olsun. Həm azarkeşləri, həm də özümüzü sevindirək”.
Baş məşqçi “qartallar”ın indiyəqədərki hazırlığını belə dəyərləndirib: “Faiz olaraq qiymətləndirə bilməyəcəyəm. Amma gözlədiyimdən daha yaxşıdır. Axı, istirahətdən yeni qayıtmışıq. Bu, bizim üçün çox önəmlidir. Üzərinə bir az da qoymalıdırlar, bunu oyunçularımın özləri də yaxşı başa düşürlər. Keçən il bizim üçün yaxşı təcrübə oldu. Komandanın fiziki forması çox önəmlidir. Çalışıb rəsmi matçlara qədər bunu qaydasına salacağıq”.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.