
"Qəbələ"nin futbolçusu Asif Məmmədov komandaya oynayan məşqçi təyin olunub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 39 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"ın yeni mövsüm üçün hazırlıq prosesinə bu statusda başlayıb.
O, baş məşqçi Kaxaber Tsxadadzeyə kömək etməklə yanaşı, zərurət olduqda meydana da çıxacaq.
Məmmədovun özü Teleqraf-a açıqlamasında bu yaxınlarda B kateqoriyalı məşqçilik lisenziyası aldığını xatırladıb. Təcrübəli oyunçu vaxtı yetişəndə A kateqoriyası üçün də kursa qatılacağını söyləyib.
"Azərbaycan Premyer Liqasının oyunlarında 90 dəqiqə oynamağa gücünüz varmı" sualına o, belə cavab verib: "Çətin sualdır. Bu, gedişatdan asılı olacaq. İndiki halda hec nə deyə bilmərəm".
Qeyd edək ki, Asif Məmmədov "Qəbələ"də 2015-ci ildən çıxış edir. O, 234 oyunda 11 qol və 30 məhsuldar ötürmə müəllifi olub.