
Qazaxıstanın “Atırau” klubunun tanınmış futbolçusu İqor Staseviç karyerasında 732-ci rəsmi oyuna çıxaraq Belarus tarixində yeni rekorda imza atıb.
Sportnet.az Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi bu göstərici ilə həmvətənlisi Aleksandr Qlebi bir oyun fərqi ilə geridə qoyaraq ən çox oyun keçirən futbolçu adını qazanıb.
Staseviçin 732-ci oyunu Qazaxıstanda “Aktobe”yə qarşı matça təsadüf edib. Oyundan əvvəl Belarus Futbol Federasiyasının (ABFF) nümayəndəsi İqor Tsaplyuk futbolçunu təbrik edib.
Ona bayraq, üzərində adı həkk olunmuş “Luç” markalı qol saatı və Belarus brendi “Lepşı”yə məxsus, arxasında Staseviç yazılan, önündə klubları və oyunları ilə ilə bəzədilmiş üst geyimi hədiyyə olunub.
Qeyd edək ki, İqor Staseviç peşəkar karyerasına 2002-ci ildə BATE klubunun əvəzedici heyətində başlayıb. Uzun illər ərzində o, BATE, “Qomel”, “Dinamo Minsk”, “Şaxtyor Soliqorsk”, Rusiyanın “Volqa” və “Çayka”, eləcə də Qazaxıstanın “Turan” və “Atırau” klublarında çıxış edib. Staseviç 10 dəfə Belarus çempionluğu, 5 dəfə ölkə kubokunu qazanıb. O, 3 dəfə ilin futbolçusu, 5 dəfə ən yaxşı oyunçu seçilməklə yanaşı, 2018/2019 mövsümündə Avropa Liqasının ən yaxşı məhsuldar ötürmə müəllifi olub. Hazırda Belarusda 500+ oyun keçirmiş futbolçular üçün yaradılmış Sergey Aleynikov Klubunun fəxri üzvüdür.