
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılacaq.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər saat 12:00-dan satışda olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti 300 manatdır.
Satış iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ”ın fan-şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında aparılacaq.
Qeyd edək ki, iyulun 30-da Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.