
"Qarabağ” komandasının azarkeşlərini təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi Ceton Beqiri Bakıda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Ağdam təmsilçisinin qələbəyə layiq olduğunu söyləyib: "Nəticədə pley-off mərhələsinə vəsiqə qazandılar. Rəqib çox yaxşı oyun sərgilədi, biz isə xüsusən ilk hissədə zəif çıxış etdik".
O, məğlubiyyətin səbəbləri barədə söz açıb: "İlk növbədə taktiki baxımdan rəqibə uduzduq. Ən böyük problemimiz isə erkən qollar buraxmağımız oldu. Ölkə çempionatımızla Çempionlar Liqasında oynamaq arasında böyük fərq var. Bugünkü oyunu analiz edəcəyik və önümüzə baxaraq Avropa Liqasındakı yolumuza davam edəcəyik".
Baş məşqçi bu hesabı gözləmədiyini vurğulayıb: "Əsas odur ki, bu nəticədən düzgün dərs çıxaraq növbəti oyunlara daha yaxşı hazırlaşaq".
Beqiri komandasının əsas hədəfini açıqlayıb: "Əsas hədəfimiz qarşıdakı iki oyunda əlimizdən gələni etməkdir ki, Avropa Liqasında yolumuza davam edə bilək".