
"Əlbəttə, bizim üçün vacib oyundur. Həddindən artıq soyuqqanlı yanaşmağımız çox önəmlidir. Çox yaxşı rəqibə qarşı oynayırıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk oyundan sonra komandasının üstünlüyü olsa da, qətiyyən özlərini arxayın aparmamalı, rəqibin gedəcəyi riskə hazır olmalıdırlar: "Çalışacağıq ki, sonadək oyundan qopmayaq və soyuqqanlı davranaq".
Baş məşqçinin fikrincə, komandanı psixoloji cəhətdən hazırlamaq da önəmlidir: "Hamı bizi qalib kimi görür. Komanda ilə söhbətlərimiz bu yöndədir. İnanıram ki, psixoloji olaraq, hazırlığımızın öhdəsindən gəlmişik".
Qurbanov 2017-ci ildə də pley-off mərhələsinin cavab görüşünə çıxdığı vaxt olduğu kimi, yenə inamlı olduğunu söyləyib: "İnamım var, amma rahatlığımız yoxdur".
O, azarkeş dəstəyi barədə də danışıb: "Bilirəm ki, azarkeşlər daim komandamızın yanındadırlar, nə vaxt və necə dəstək verməyin lazım olduğunu bilirlər. Ömrüm boyu onlara təşəkkür etmişəm. Hətta sayları az olanda da. Onlar təşəkkürdən də artığına layiqdirlər".
Nəriman Axundzadənin durumunun normallaşdığını deyən Qurbanov sabahadək hazır olacağını vurğulayıb. O, fransalı referi Kleman Türpenin bu oyuna təyinatının görüşün əhəmiyyətindən xəbər verdiyini dilə gətirib. Baş məşqçi bu təyinatdan narahatlıq hissi keçirmədiyini də diqqətə çatdırıb.
Mətbuat konfransında iştirak edən macarıstanlı jurnalist əvvəlki, yoxsa indiki "Ferentsvaroş"un güclü olduğunu soruşub. Qurbanov rəqibin tam əvvəlkindən fərqli kollektiv, lakin öz gücü və oyununun olduğunu dilə gətirib: "Həmin vaxt futbolçular fərqli mentalitetdə idilər, indi fərqli. İndi rəqib daha tez qapı qarşısında olmaq istəyir. Əvvəlki ilə indiki arasında müqayisə aparmaq qeyri-etik olar. Zəngin tarixə malik klubdur, həmişə qalib kimi meydanı tərk etmək istəyir. Yenə qarşımıza çox güclü kollektiv çıxacaq".
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də başlanacaq.