
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoninin transferinə dair İspaniya “Betis”i ilə razılığa gəlib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı braziliyalı vingerin keçidi İspaniya klubuna ümumilikdə 25 milyon avroya başa gələcək.
“Betis” ilkin olaraq 22 milyon avro ödəyəcək, daha 3 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. Bundan əlavə, “Mançester Yunayted” oyunçunun gələcəkdəki mümkün satışından 50 faiz pay alacaq.
Daha əvvəl tərəflər transferi razılaşdırsa da, oyunçunun maaşı ilə bağlı fikir ayrılığına görə sözləşmə dondurulmuşdu. Antoni İngiltərə klubunda illik 6 milyon avro qazanırdısa, La Liqada bu məbləğ 4 milyon avro olacaq. "Sambaçı" həmin fərqin ödənilməsini tələb etsə də, “Mançester Yunayted” onun maaşını qarşılamaqdan imtina edib.
Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib və La Liqada 17 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.