
İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyununun hazırlıqlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma öncəsi baş məşqçi Arnar Qunnlauqsson heyəti formalaşdırmaq sarıdan problemlərlə üzləşib.
Kapitan Orri Steynn Oskarsson İspaniya "Real Sosyedad"ının heyətində "Ovyedo"ya qarşı La Liqa matçında zədələndiyi üçün milliyə kömək edə bilməyəcək. Daha əvvəl keçmiş kapitanı Aron Eynar Qunnarssonun cəza üzündən Azərbaycanla oyunu buraxacağı açıqlanıb. Bu halda Qunnlauqssonun "sarğı"nı kimə həvalə edəcəyi maraq doğurur.
Hücum xəttində əsas sima İtaliya "Fiorentina"sının formasını geyinən Albert Qudmundsson olacaq.
Eyni zamanda qapıçı mövqeyində Danimarka "Midtüllann"ından çağırılmış Elias Rafn Olafsson və İngiltərə "Brentford"undan dəvət almış Hakon Rafn Valdimarsson arasında seçim etmək lazım gələcək. Valdimarssonun klubunda az oynadığını nəzərə alaraq, Olafssona şans veriləcəyi gözlənilir.
Bu halda mümkün start "11-liy"i belə ola bilər:
Elias Rafn Ólafsson ("Midtüllann", Danimarka) - Qudlauqur Viktor Palsson ("Horsens", Danimarka), Sverrir İngi İnqason ("Panatinaikos", Yunanıstan), Daniel Leo Qretarsson (Sönnerüske", Danimarka), Logi Tomasson ("Samsunspor", Türkiyə) - Stefan Teytur Tordarson ("Preston Nort End", İngiltərə), Ísak Berqmann Yohannesson ("Köln", Almaniya), Hakon Arnar Haraldsson ("Lill", Fransa) - Albert Qudmundsson ("Fiorentina", İtaliya), Andri Lukas Qudyohnsen ("Blekbern", İngiltərə), Yon Daqur Torsteynsson ("Herta", Almaniya).
Qeyd edək ki, sentyabrın 5-də Reykyavikdəki "Lauqardalsvollur" stadionunda keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.