
"Qarabağ" klubu özünə daha bir sponsor axtarır.
Sportnet.az xəbər verir ki, bu barədə klub prezidenti Tahir Gözəl açıqlama verib.
Onun sözlərinə görə, hazırda Ağdam təmsilçisinin bir ümidi var. Bu, “Azersun Holding”dir: "Allah eləməsin, hansısa böhran olsa, "Qarabağ" klubu hər zaman müstəqil olmalıdır. Mən prezident kimi “Azersun”a qarşı da müstəqilliyin tərəfdarıyam. Mən hər dəfə gedib deməməliyəm ki, “Azersun Holding", qurban olum, mənə pul ver, oyunçuma nə isə lazımdır”. Xeyr. Vəziyyət budur. Biz bu gün də başqa sponsor axtarırıq".
T.Gözəlin fikrincə, maliyyə intizamını qorumaq heç də asan deyil: "İnanın, çox çətindir. İngiltərədə ən axırıncı yerdə gedən klub nə qədər alır, bilirsiniz? 120 milyon funt sterlinq media haqqı. İngiltərə Premyer Liqasındakı hər hansı klub minimum 120 milyon funt media gəliri əldə edir. Mən onlarla necə rəqabət aparım?
Mənim onlarla rəqabət aparmaq sirrim bir oyunçu deyil. Mənim sirrim – mənəviyyatı güclü olmaqdır: yaxşı gündə də, çətin gündə də birlikdə olmaq. Baxın, sizə deyim: Qarabağ torpaqlarımız işğal altında olanda bir həsrət idi. Bu gün isə Qarabağ – Azərbaycanın birliyi, bərabərliyidir. Bu şüarı verməkdir mənim üçün Qarabağ".
Klub prezidenti media və azarkeşlərin yeni transfer tələbini və iradlarını yaxşı başa düşdüyünü söyləyib: "Mən başa düşürəm – insanlarımızı, tərəfdarlarımızı. Mən sizi də başa düşürəm, medianı da, azarkeşləri də. İnsanın ürəyi yanır ki, yeni oyunçu gətirilsin, alınsın. Amma alınmır. Çünki bu, sadəcə bir maşın və ya avtomobil almaq deyil. Bu, çox çətin məsələdir. Burada klubun əhval-ruhiyyəsini, halını da dağıda bilərsiniz. Kimsə deyəcək ki, “onda mən buna pas verməyəcəyəm, çünki layiq deyil – aldığı pula da, bu kluba da”.
"Qarabağ"ın rəhbəri transfer məsələsinin çox ağır olmasına baxmayaraq, əllərindən gələni edəcəklərini dilə gətirib: "Klub rəhbərliyi olaraq da mənim arzum o idi ki, olsun. Amma olmadı. Mən heç vaxt təəssüflənmirəm. Baş məşqçimiz Qurban Qurbanova da deyirəm: mən inanıram Nərimana, inanıram Musaya, inanıram cavan futbolçularımıza. Biz öz gücümüzlə yolumuzu gedəcəyik. Qismət olmadı, çalışdıq, əlimizdən gələni etdik, amma alınmadı. Olur belə hadisələr. Biz yolumuzla gedəcəyik və Allahın köməyi ilə öz futbolçularımızla əlimizdən gələni edəcəyik".
O, "Qarabağ"ın UEFA-dan və dövlətdən pul vəsaiti almasına baxmayaraq, transfer etmədiyinə dair iradlara da münasibət bildirib: "Deyirlər, “Qarabağ çox böyük pul qazanır UEFA-dan, xərcləsin də. Qarabağ qazansa-qazansa, UEFA-dan maksimum 15–18 milyon dollar qazana bilər. Bu isə bizim 10 aylıq xərcimizdir. Hər il də UEFA-ya düşmürük. Məsələn, üç ildən bir düşsək, o 60, 40, ya da 30 milyon dollar heç vaxt çatmır. Dünyadakı bütün futbol klublarına baxın – hamısının vəziyyəti ağırdır. Türkiyədə də klubların çox böyük borcları var. Doğrudan da idarə etmək çox çətindir. Biz qənaət etməyə məcburuq".