
ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Luis Suares 6 oyunluq diskvalifikasiya olunub.
Sportnet.az xəbər verir ki, uruqvaylı hücumçu "Sietl Saunders"ə qarşı Liqa Kubokunun final matçından sonra rəqib komandanın təhlükəsizlik xidməti əməkdaşı Cin Ramiresin üzünə tüpürüb.
38 yaşlı forvard Instagram hesabı vasitəsilə üzr istəsə də, bu, onu cəzadan xilas etməyib.
Suares böyük ehtimalla, gələn il turnirdə iştirak etməyəcək. Onun komanda yoldaşları – Serxio Buskets 2, Tomas Aviles isə 3 oyunluq cəzalandırılıblar.
Avqustun 31-də keçirilmiş final görüşündə “Sietl” 3:0 hesablı qələbə qazanaraq, kuboka sahib çıxıb.
Qeyd edək ki, Luis Suares əvvəllər də dəfələrlə intizam pozuntuları ilə gündəmə gəlib. O, İngiltərə “Liverpul”unda oynadığı vaxt “Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra ilə insidentə görə 8 oyunluq cəza alıb, həmçinin üç dəfə rəqiblərini dişlədiyi üçün diskvalifikasiya olunub.
Suares ötən il “İnter Mayami”yə transfer olunub və indiyədək komanda ilə 77 oyunda meydana çıxaraq 38 qol vurub.