
Azərbaycan millisinin sabiq futbolçusu Şamil Lahiyalov Rusiyanın Mahaçqala şəhərini təmsil edən "Legion" klubunu satışa çıxarıb.
Sportnet.az xəbər verir ki, klub prezidenti bu faktı Milli Futbol Liqasının rəhbəri Nail İsmaylovla söhbətində təsdiqləyib.
Rusiya II Liqasında çıxış edən "Legion"a 10 milyon rubl (200 240 manat) qiymət qoyulub. Klub maliyyə problemi üzündən mövsümün sonunda peşəkar statusunu itirmə riski ilə üz-üzə qalıb. Məhz bunun baş verməməsi üçün satış qərarı verilib.
Bildirilir ki, klubda maaşlar 15 000 rublu (300 manat) keçmir. Bəzi futbolçulara isə maaş əvəzinə yaşayış yeri və yemək verilir.
II Liqanın I qrupunda 20 turdan sonra "Legion" 29 xalla 11-ci yeri tutur. Komandanı eniş zonasından 1 xal ayırır.
Qeyd edək ki, hazırda 46 yaşında olan Şamil Lahiyalov Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasında 1982-ci il təvəllüdlü qardaşı Rəşid Lahiyalovun pasportu ilə bir neçə oyunda çıxış edib. Belə bir etirafla Ş.Lahiyalovun özü 2013-cü ildə "Sport-Ekspress"ə müsahibəsində çıxış edib.