
Türkiyə "Fənərbağça"sının prezidenti Ali Koç komandanın sabiq baş məşqçisi Joze Mourinyo üçün qalmaqallı açıqlamalar səsləndirib.
Sportnet.az-ın məlumatına görə, buna portuqaliyalı mütəxəssisin "Benfika"nın sükanı arxasına keçəcəyinə dair xəbərlər səbəb olub.
"Fənərbağça" Çempionlar Liqasının III təsnifat mərhələsində məhz Portuqaliya klubuna uduzduqdan (0:0, 0:1) sonra Mourinyo istefaya göndərilib. Təcrübəli baş məşqçinin qovulması qarşılığında böyük məbləğdə kompensasiya alması İstanbul təmsilçisinin azarkeşlərinin etirazları ilə qarşılanıb.
Fanatlar bunu Mourinyonun xəyanəti və uduzmaqla, "Benfika" üçün vəziyyəti yüngülləşdirməsi kimi dəyərləndiriblər.
Koç isə böyük təzyiqlər altında sabiq baş məşqçinin ünvanına ironiyalı atmaca göndərib: "Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun "Benfika" ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Bundan nə qədər desən, hekayələr çıxarmaq olar (gülür - red.). Mourinyo o qədər böyük adamdır ki, "Qarabağ"ın "Benfika"nı yenəcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü "Fənərbağça"dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, "Benfika"ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir".
Klub prezidenti "Benfika" üzərində qələbə münasibətilə oyundan dərhal sonra "Qarabağ"ı təbrik etdiyini də açıqlayıb: "Qarabağ"dakı bir dostumla danışdım, təbrik etdim. Ürəkdən bağlı olduğumuz klubdur. Onlara salam olsun".
Koçun atmacasına Mourinyonun cavabı gecikməyib. O, jurnalistlərə açıqlamasında deyib: "Hər dəfə klubdan gedəndə gözlərimi yummuşam və təxribatlara cavab verməmişəm. Bəraət qazanmağa və kimisə ittiham etməyə çalışmamışam. Amma onun başqa cür davranış üslubu var. O, saysız-hesabsız danışıb, amma heç cür izah etməyib ki, "Fənərbağça"nı mübarizədən kənarlaşdıran Kerem Aktürkoğlu niyə sonradan transfer olundu? Mən o klubu 3-4 həftə əvvəl tərk etmişəm. Belə bir planım yox idi ki, mövsümün sonunadək heç bir komandanın baş məşqçisi olmayıb. Yenə baş məşqçi işləmək istəyirdim. Hazırkı məqamda - mənə "Benfika"nın baş məşqçisi olmağı təklif edəndə bir saniyə də düşünmədim. Mənə maraqlı idi, xoşuma gəldi".
Qeyd edək ki, "Qarabağ" "Benfika"nı səfərdə 3:2 hesabı ilə yenib. Bundan sonra Portuqaliya komandasının baş məşqçisi Brunu Laji istefaya göndərilib. Onu Joze Mourinyonun əvəzləyəcəyi gözlənilir.