
Azərbaycanda uşaq futbolunun problemlərindən dəfələrlə danışılıb, müzakirələr aparılıb. Əsas çətinliklərin futbolçu hazırlığı ilə bağlı olduğu vurğulanıb.
Burada xüsusən, Futbol Akademiyasının məşqçi-müəllim heyətinin uşaq futbolçularla lazımi səviyyədə işi qura bilməməsi, məşqlərə laqeyd və məsuliyyətsiz yanaşması, valideynlərdən müxtəlif səbəblərə görə pul yığılması, hətta uşaq futbolçuları müxtəlif dini təriqətlərin təsiri altına salma kimi neqativ halları göstərmək olar.
Lakin bugünlərdə baş vermiş hadisə klub rəhbərliyi səviyyəsində də boşluqların olduğunu üzə çıxarıb.
Uşaq futboluna diqqət sarıdan nümunə kimi göstərilən "Sabah" klubunda rəhbərlik səviyyəsində biabırçı olay baş verib. Klubun 12 yaşadək futbolçulardan (2014-cü il təvəllüdlü) ibarət komandası Şimali Makedoniyaya 25 nəfərlik heyətlə yollanmaq istəyib. Bu məqsədlə biletlər alınıb, turnirdə iştirak təsdiqlənib, hətta qarşılaşacağı rəqiblər də müəyyənləşib.
Lakin Bakı - İstanbul - Skopye təyyarə reysi ilə səfərə çıxmaq istəyən komanda Heydər Əliyev Beynəlxalq Aeroportundan geri qaytarılıb.
Valideynlərdən birinin Sportnet.az-a verdiyi məlumata görə, hava limanında onlara bildirilib ki, Şimali Makedoniyaya giriş viza ilədir. "Sabah" rəhbərliyi isə bunu öncədən bilmədən, birbaşa uçuş üçün bilet alıb.
Klubun məsul şəxsləri Şimali Makedoniya ilə Azərbaycan arasında bu yaxınlarda viza rejiminin tətbiqindən xəbərsiz olublar. Nəticədə bunu bilmədən bilet alınıb. Səfərin baş tutmaması kluba böyük məbləğdə ziyan bahasına başa gəlib. Çünki alınan biletlərin pulunu gediş günündə geri qaytarmaq mümkünsüzdür.
Skopyedə 12 - 14 sentyabrda keçirilməli olan turnirdə kollektiv Türkiyənin "Fənərbağça", Serbiyanın "Partizan" və Xorvatiyanın aparıcı klublarının uşaq komandaları ilə oynamalı idi. Bu məqsədlə "Sabah" Şimali Makedoniyaya sentyabrın 10-da uçmalı, sentyabrın 15-də isə geri dönməli idi.
Klubun mətbuat katibi Elnur Həmidov yaşanmış hadisə ilə əlaqədar açıqlama vermək istəməyib.
Göründüyü kimi, belə bir tragikomik olayda nə komandanın, nə də məşqçi heyətinin günahı var. Bu, birbaşa "Sabah" klubunda təşkilati işlərə cavabdehlik daşıyanların səriştəsizliyi, məsuliyyətsizliyi, səhlənkarlığıdır. Əlbəttə, komandanın viza rejiminin tətbiqindən xəbərinin olmaması təbiidir. Amma günü səfərlərdə keçən klubun bunları bilməməsi, ən azı bilet almamışdan qabaq vizanın gərəkli olub-olmadığı ilə maraqlanmaması biabırçılıq, nəinki "Sabah" klubu, hətta ölkə futbolu adına rəzalətdir.
Əziyyət çəkən isə uşaq futbolçulardır. Bu səbəbdən, kluba inamını itirən valideynlər narazılıqlarını bildirirlər. Artıq bu olay bütün uşaq futbolu cameəsində yayılıb.
Qeyd edək ki, "Sabah"ın aşağı yaşlılardan ibarət komandaları daim yüksək nailiyyətləri ilə fərqləniblər. Son olaraq, mayda Rusiyanın Kazan şəhərində keçirilmiş "East Cup Kazan" beynəlxalq turnirində "Sabah"ın U-10 komandası ikinci yeri tutub.
Seymur