
Joze Mourinyo Portuqaliyanın "Benfika" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Yeni baş məşqçi bu vəzifədə Brunu Lajini əvəzləyib.
Qeyd edək ki, Joze Mourinyo karyerasına 2000-ci ildə məhz "Benfika"da başlayıb. Komanda onun rəhbərliyi altında 25 oyun keçirib. Sonradan Mourinyo "Leyriya", "Portu", İngiltərənin "Çelsi", "Tottenhem", "Mançester Yunayted", İtaliyanın "İnter" və "Roma", İspaniyanın "Real Madrid" komandalarının sükanı arxasına keçib. Onun son iş yeri avqustun sonlarında tərk etdiyi Türkiyə "Fənərbağça"sı olub. "Fənər" Çempionlar Liqasının pley-off mərhələsində məhz "Benfika"ya iki oyunun yekununda (0:0, 0:1) uduzub. Bundan sonra Mourinyo istefaya göndərilib. Liqa mərhələsinin ilk turunda "Qarabağ"a 2:3 hesablı ev məğlubiyyətindən sonra isə Brunu Laji Lissabon komandasının baş məşqçi postunu tərk edib.
"Benfika" Liqa mərhələsinin II turunda Mourinyonun sabiq komandası "Çelsi" ilə üz-üzə gələcək. Oyun sentyabrın 30-da Londonda olacaq.