
"İnanıram ki, Qurban Qurbanov ona yenidən həyat verəcək".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadov Ramil Şeydayevin "Qarabağ"a karyerasında üçüncü dəfə keçidini dəyərləndirərkən deyib.
Hazırda "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi vəzifəsində çalışan Cavadovun fikrincə, Şeydayevin formaya düşməməsi və "Neftçi"də qalmaması onun özü ilə bağlı deyil: "Ramil "Neftçi"də olduğu müddətdə komandada təkcə Samir Abasov deyil, Roman Qriqorçuk da çalışıb. Emin Mahmudov da zəifləmişdi. Nə oldu, Eminə canlanma gəldi, amma Şeydayevə gəlmədi? Pis futbolçu idi? Sonradan kapitanlığı da əlindən aldılar".
Veteran forvard Şeydayevin karyerasında enişin 2023-cü ildə "Qarabağ"dan Tailandın "Buriram Yunayted" klubuna keçməsi ilə əlaqədar olmasını inkar edib. Əksinə, Cavadov bu transferi normal sayıb: "İndi futbolçular Afrikaya da, Səudiyyə Ərəbistanına da gedirlər. Bəli, pulun dalınca yollanırlar. Futbolçu karyerası elədir ki, bir il də, beş il də oynaya bilərsən. Heç kəs zədədən sığortalanmayıb. Amma illərlə çəkilən əziyyət bir gündə məhv ola bilər. Sonra da heç bir yaxşı təhsil və iş qabiliyyəti olmadan ailəsini dolandıra bilməz. Hər bir futbolçu, idmançı ilk növbədə öz karyerasını və maddi vəziyyətini düşünür və düşünməlidir. Dəfələrlə demişəm ki, futbolçu nə qədər qazanırsa, bu, onun halal zəhmətinin nəticəsidir. Çünki kimlərsə 12-13 yaşlarında kompüter arxasında oynayanda bunlar əziyyət çəkir, zədə alır, hər zaman futbolçu həyatlarını itirmə təhlükəsi ilə üzləşirlər".
Qeyd edək ki, Ramil Şeydayev daha əvvəl 2017-2018 və 2021 - 2023-cü illərdə də "Qarabağ"ın formasını geyinib.