
Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "İmişli"ilə keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki O, futbolçularının əzmkarlığını xüsusi qiymətləndirib.
“Futbolçularıma təşəkkür edirəm. Bu gün mövcud futbol şəraitində göstərdikləri əzmkarlığa və peşəkarlığa görə minnətdaram. Oyun bizim üçün çox yaxşı başladı, ard-arda hücumlar qura bildik. Daha sonra isə standart vəziyyətdən qol buraxdıq. Qoldan sonra oyunumuz bir qədər pozuldu. Amma ikinci hissədə tam olaraq istədiyimiz futbolu nümayiş etdirdik. Çoxsaylı hücumlar quraraq rəqibin müdafiəsini yarmağa çalışdıq və sonda standart vəziyyətdən qol vura bildik. Oyunun gedişatını nəzərə alsaq, bugünkü nəticəni pozitiv qəbul etmək olar”, – deyə Sadıqov bildirib.
Meydançanın durumu ilə bağlı danışan mütəxəssis yağışlı havada süni sulamanın düzgün olmadığını vurğulayıb:
“Etiraz etmirdik, sadəcə bildirmişdik ki, yağış yağacağı üçün meydançanı sulamasınlar. Son oyunda hamımız şahid olduq ki, meydança kifayət qədər sürüşkən idi. Təbii ki, hər birimiz istəyərik oynadığımız meydançanın ot örtüyü daha keyfiyyətli olsun. Bu halda klublarımızın futbolu daha sürətli inkişaf edəcək. Amma bu, qətiyyən İmişlinin uğurlarına kölgə sala bilməz. Onlar bu il çox uğurlu start götürüblər, əzmkar və yaxşı bir komanda formalaşdırıblar. Gələcək oyunlarda onlara uğurlar arzulayıram”.
Baş məşqçi oyunun nəticəsini də şərh edib:
“Oyuna yaxşı başladıq, qol buraxdıq, sonra çoxsaylı hücumlar etdik və sonda fərqləndik. Çox istəyərdik yenə fərqlənək, amma bugünkü gedişata görə bərabərlik bizim üçün qənaətbəxşdir”.
Sadıqov rəqibin güclü tərəflərinə də toxunub:
“İmişli hər vəziyyətdən – autdan, künc zərbəsindən, cinah cərməsindən – qol vura bilir. Bizə də elə belə qoldan birini vurdular. Oyunöncəsi qeyd etdiyimiz qayğı özünü doğrultdu”.
İssa Cibrillanın zədəsi barədə isə baş məşqçi hələ dəqiq məlumat olmadığını deyib:
“Hazırda zədələnən futbolçular haqqında dəqiq danışmaq çətindir. Sabah MRT-dən keçəcək, ondan sonra biləcəyik. Amma yəqin ki, nəsə var, çünki oyundan çıxmaq məcburiyyətində qaldı”.