
"İndiyəqədərki və bugünkü matç da daxil olmaqla, bütün oyunlarda rəqibə bir epizod da vermədən, eyni zamanda qol imkanı yaratdığımız halda vura bilmədən itirdiyimiz xallar doğrudan da üzücüdür".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Karvan-Yevlax"la evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis xüsusən ilk yarıdakı qədər templi və dinamik oyunu ümumiyyətlə görmədiyini bildirib: "Futbolçularımdan həddindən artıq razıyam, onlara təşəkkür edirəm. Baxmayaraq ki, xal itirmişik. Başa düşürəm, üzücüdür. Biz də o qədər, hətta daha çox üzülürük. Lakin futbolun pis tərəfi də budur ki, bu qədər imkan yaradasan, xüsusən, oturmuş rəqibə qarşı dərsliklərdə nələr tələb olunursa, edəsən. Bu cür komandalara qarşı nə tələb olunursa, etdik və ən əlasını etdik. Həm ortadan, həm cinahlardan hücumlar, uzaqlardan zərbələr oldu. Pro kateqoriyası üzrə dərslərdə hansı silahlardan istifadə etməyin vacibliyi göstərilibsə, onların hamısını etdik. Bundan sonra da belə oynamalıyıq. Düşünürəm ki, davamı da gələcək. Bu qədər "moment"ə girdik. Deyiləsi, izahı olmayan mətbuat konfransıdır".
Abasov təmkinli görünməsinin səbəbini belə izah edib: "Komandanın özü səbəb yaratmırdı ki, aşırı emosiya göstərim. Oyun öz ritmi ilə gedirdi. Düşünürdüm ki, futbolçular həddindən artıq yaxşı yaxşı oynayırdılar. Çılğınlığım və emosiyam nəyi dəyişə və ya oyuna nə qata bilərdi. Zatən futbolçularımız meydana qələbə üçün çıxmışdılar. Sakitliyimin səbəbi bu idi. Amma açığı, referi Kamranbəy Rəhimov matçı bu qədər dayandırmaqla nəinki oyunu, məni də susdurdu. Futbolçularıma daha da maksimal temp və ritmdə oynamağa imkan vermədi. Əlbəttə, səbəb bu deyil, oyunun özü idi".