
"Məğlubiyyətdən-məğlubiyyətə fərq var. Futbolçularımız "Qarabağ"a uduzduqdan sonra ertəsi gün evdən çıxmaq istəmirdilər. Amma indi Avenida da Liberdadedə (Azadlıq prospekti) şam etməyə getmək istəsələr, klubumuzun heç bir azarkeşi onları təhqir etməz".
Sportnet.az-ın məlumatına görə, bunu Portuqaliya "Benfika"sının baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında "Çelsi"yə İngiltərədə 0:1 hesabı ilə uduzduqları Liqa mərhələsinin II tur matçından sonra Sport TV-yə müsahibəsində deyib.
62 yaşlı mütəxəssis yalnız yaxşı nəticələrlə, bu, olmasa belə, yaxşı oyunla azarkeşlərin inamını qaytarmalarının mümkünlüyünü dilə gətirib: "Mən nəticəyə meylli insanam. Biz yaxşı komandaya qarşı oynayırdıq. Nəticə başqa cür ola bilərdi. Bu, bizim sabit və mütəşəkkil komandaya qarşı ən yaxşı oyunumuz idi".