
Bu gün Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar Bakıda və Sumqayıtda təşkil olunacaq.
"Azersun Arena"da "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gələcək. İlk 6 turdan sonra ehtiyatda bir oyunu olan Ağdam komandası 10 xalla 5-ci, bütün oyunlarını uduzan xalsız Gəncə təmsilçisi isə sonuncu yerdə gedir.
İndiyədək bu kollektivlər çempionatlarda 62 dəfə qarşılaşıblar. Bunların 35-də "Qarabağ", 14-də "Kəpəz" qalib gəlibsə, 12 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də ağdamlılar xeyli öndədir - 102:61. “Qarabağ” 36 oyundur "Kəpəz"ə uduzmur və 4 matçdır qol buraxmır. Ağdam klubu bu rəqibə son 3 ev görüşündə böyük hesabla qalib gəlib.
Günün digər matçında "Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. Bu komandaların mübarizəsi daha böyük maraqla gözlənilir. Hazırda Tovuz komandası 12 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi 11 xalla 4-cü yerdə gedir. İki kollektivin indiyəqədərki oyunlarında qələbə və heç-heçə sayı tam bərabər olubsa, topların nisbətində "Sumqayıt"ın minimal üstünlüyü var - 15:14. “Turan Tovuz” son 5 qarşılaşmada qol vurub. Axırıncı üç görüşdə meydan sahibi olan komanda xal qazanmayıb.
Azərbaycan Premyer Liqası, VII tur
4 oktyabr (şənbə)
17:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Azersun Arena”
19:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun ilk oyun günündə "Araz-Naxçıvan" "İmişli"ni yenib - 2:0. "Zirə" - "Neftçi" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.