
Ermənistan millisinin və Rusiya "Krasnodar"ının futbolçusu Eduard Spertsyan irqçilik ittihamı ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, belə bir ittihamla "Axmat" klubu çıxış edib.
Qroznı təmsilçisi yaydığı bəyanatda Spertsyanın Premyer Liqanın XI turunda müdafiəçi Usman Ndonq ilə yaşadığı insidentin səbəbini açıqlayıb. 81-ci dəqiqədə baş vermiş olay zamanı Ndonq Spertsyanı 2 dəfə çiyni ilə vurub. Baş hakim İnal Tanaşev VAR-a baxdıqdan sonra Ndonqu meydandan qovub, erməni futbolçuya isə sarı vərəqə göstərib.
Sonradan seneqallı oyunçu rəqibinin onu irqçi zəmində təhqir etdiyini bildirib.
"Axmat" klubu insidentin hərtərəfli araşdırılmasını, Spertsyanın rasist hərəkətləri üzündən cəzalandırılmasını və Ndonqa göstərilmiş qırmızı vərəqənin ləğvini tələb edib.
Qeyd edək ki, görüş "Krasnodar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.