
"Əlbəttə, çətin oyunda qələbə qazandıq. Rəqib bizdən aşağıda olsa da, həqiqətən də yaxşı oynayır, yaxşı mübarizə aparır. Uduzduğu oyunlarda da pis təsir bağışlamamışdı".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, gərgin oyunun olacağını öncədən də gözlənilirdi: "İlk yarıda 2-3 real epizod oldu. Onlardan istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Lakin əvvəllər buraxdığımız səhvləri bu görüşdə təkrarlamadıq. Həm "Sabah", həm "Zirə", həm də "Araz-Naxçıvan"la görüşlərin ikinci hissəsində sonluğa doğru qollar buraxaraq, bəzilərində uduzmuşduq. Bu gün futbolçularımdan istəmişdim ki, fasilədən sonra daha çox nəticəyə oynayaq və əvvəlki səhvləri etməyək. Çünki gələcəkdə nədəsə inkişaf etmək istəyiriksə, səhvlərimizdən nəticə çıxarmalıyıq. Fasiləyə çıxırıq, zədəlilərimiz var, çətindir. Amma ümidvaram ki, onlar da sıraya dönəndə bizə daha rahat olacaq. Hər kəsi təbrik, azarkeşlərə təşəkkür edirəm. Məncə, bu gün çox mühüm 3 xal qazandıq və turnir cədvəlində irəliləyə və xal fərqini artıra bildik. Bu, komandamız üçün vacibdir".
Abbasov milli fasilədəki planları barədə də danışıb: "Fasilə öncəsi son oyunu biz keçirdik, fasilədən sonrakı tura da biz başlayacağıq. Ötən dəfəkindən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu, bir tərəfdən yaxşıdır ki, futbolçularımız tonusda olacaqlar. Ona görə də yalnız məşqlər edəcəyik. Oyun baxımından elə də korluğumuz yoxdur. 5 futbolçumuz U-21 yığmasına gedəcək. Məşqlərimiz eyni qaydada davam edəcək".
Baş məşqçi oyunlar zamanı iki sistemdən yararlandıqlarını diqqətə çatdırıb: "Həm iki, həm də tək hücumçu ilə oynayırıq. Hazırda heyəti futbolçulara görə müəyyənləşdiririk. Çünki hücum xəttində həm Edqar Adilxanov, həm də Andrey Tirkoveanunun yer alması bizə problem olur. Amma bunu 2 hücumçu ilə sığortalamaq istəyirik. Hələ ki pis alınmır. Sevindirici haldır ki, Abdullah Şuaybu 2 oyundur komandaya uyğunlaşır. Rəqibə uyğun vəziyyətə baxacağıq. Gələn tur "Kəpəz"lə çətin oyunumuz var. Rəqib komandada baş məşqçi dəyişikliyi olub, hər oyuna final kimi çıxacaqlar. Ona görə baxacağıq. Bəzi dəyişikliklərin olması mümkündür".