
2026-cı il dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 28-ə yüksəlib.
Sportnet.az-ın məlumatına görə, son olaraq, Seneqal və Kot d İvuar milliləri bu hüquqa yiyələnib.
Afrika zonası üzrə seçmə mərhələnin son tur matçında Seneqal Mavritaniyanı darmadağın edib - 4:0. Nəticədə bu komanda 24 xalla B qrupunun lideri olub.
Kot d İvuar isə F qrupunun həlledici qarşılaşmasında Keniyaya qalib gəlib - 3:0. Xalını 28-ə çatdıran komanda qrup qalibiyyəti əldə edib.
Qeyd edək ki, daha əvvəl Asiya zonasından Səudiyyə Ərəbistanı da DÇ-2026-ya vəsiqə qazanıb. Bu komanda dördüncü mərhələnin üçüncü tur matçında İraqla qolsuz heç-heçə edib - 0:0. B qrupunda 4 xalla 1-ci yeri tutan Səudiyyə Ərəbistanı millisi eyni xala malik İraqı vurulan və buraxılan topların sayında keçib. Lakin bu kollektiv də şansını itirməyib. İraq beşinci raundda BƏƏ-yə qarşı iki oyun keçirəcək. Qalib kollektiv qitələrarası keçid oyunlarında çıxış edəcək.