"Əlbəttə, üzücü məğlubiyyət oldu. Komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edir, onları sevindirə bilmədiyimiz üçün təəssüfləndiyimizi bildirir, rəqibi təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Kəpəz"ə 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, Gəncə təmsilçisi yeni baş məşqçi Azər Bağırovun rəhbərliyi altında meydana çıxdığı VII turdan etibarən fərqli oyun sərgiləyir, qarşılaşmalarda daha motivasiyalı olur və qələbə ruhu ilə seçilir: "Təəssüf ki, belə oyunlar da olur: Ya heç nə alınmır, ya da hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün o gün idi. İlk 20 dəqiqəyə yaxşı başlasaq da, qol vursaq da, əfsuslar olsun ki, sonradan komandada eniş hiss etdik və rəqib üstünlüyə yiyələndi. Məncə, oyunun sınma anı futbolçumuz Abdullahi Şuaybunun qırmızı vərəqə alması oldu. 11 futbolçu ilə meydanda olsaydıq, bəlkə də ikinci hissədə başabaş mübarizə aparar, nələrisə dəyişə bilərdik. Lakin 10 oyunçu ilə 70-ci dəqiqəyədək ikiqat mübarizə apardıq, epizoda da girdik. Bu, çətin idi. Belə hallar da olur".
Abbasov artıq növbəti oyunlara hazırlaşmağın gərəkliyini söyləyib: "Belə hadisələr ötən mövsüm də başımıza gəlmişdi. Zədəlilərimiz var, rotasiyalar etməkdə çətinlik çəkirik. Bunlar bəhanə olmamalıdır. Əvvəlki oyunlarda futbolçular əzmkarlıq göstərib, xallar qazanmışıq. Bu gün futbolçunun günü olmaya bilər, lakin arxalarındayam. Komanda olaraq, yenidən toparlanmağa ehtiyacımız olacaq və bunu görəcəyik".
Baş məşqçi Abdullahi Şuaybunun qırmızı vərəqə almasının şübhəli təsir bağışlaması ilə bağlı sualı belə cavablandırıb: "Yox, biz məşqçilər məsələyə belə yanaşmamalıyıq. Düzdür, onun günahı böyükdür, təsəlli ediləsi bir şey yoxdur. Mən futbolçuları belə epizodlara hazırlamışdım. Çünki rəqibin elə oyunçuları var. Onların ən böyüklərindən biri Dioqo Verdaşkadır. Çünki həmişə rəqib hücumçuları özlərindən çıxarmağa çalışır. Bunu deməsəydim, xəbərdar olmalarını düşünərdim. Ümumən belə qırmızı vərəqələri bağışlamıram və onu təsəlli etməyə də lüzun görmürəm. Çünki komandanı pis vəziyyətdə qoydu. Olmaz! Bəli, Verdaşka onu vurmuşdu, buna görə sarı vərəqə aldı. Baş hakim vəziyyəti düzgün dəyərləndirdi. Əla! Amma sənin də ona təpik atmağına heç bir bəhanəsi yoxdur. Ola bilsin, özünü keçmiş komandasına göstərmək istəyib. Amma bunu bilə-bilə etdiyinə inanmıram".
Abbasovun fikrincə, bu gün "Kəpəz"də hər şey alındığı üçün belə bir nəticə ortaya çıxıb: "Rəqibin bizdən istəkli olduğunu da demək lazımdır. Haqlarına girməyək. İlk 20 dəqiqə ərzində sərgilədiyimiz oyunu saxlamağımız lazım idi. Bu müddətdə qol da vurmuşduq. Lakin sonradan bir qədər dağınıq olduq. Taktiki səhvlərimiz oldu, bəzi futbolçularımız oyun ab-havasına girə bilmədilər. Səbəblər var. Əlbəttə, bu gün rəqib bizdən üstün idi. Milli fasilə müddətində burada olmamağım məğlubiyyətə səbəb deyil. Ötən toplanışdan qayıdandan sonra ən yaxşı oyunumuzu sərgiləmişdik, "Karvan-Yevlax"ı məğlub etmişdik. Andrey Tirkoveanu, Edqar Adilxanovun zədə üzündən olmaması oyun keyfiyyətimizin aşağı düşməsinə səbəb oldu. Ötən oyunlarda da onların yoxluğunun əziyyətini çəkirdik. Amma əsas odur ki, çox da xal itirmədik. Əksinə, xallar da qazanmışıq. İrəli baxmaq lazımdır".
O, U-21 yığmasına çağırılmış "Şamaxı"nın 5 futbolçusunun durumuna da toxunub: "Onlar oktyabrın 14-də Şotlandiyaya qarşı çıxış ediblər. Bu gün birdən-birə 3 oyunçunun meydanda olması bizə xeyli təhlükə törədə bilərdi. Birgə məşq edən futbolçulardan Həbib İsmayılovun yaxşı potensialı var, amma oyun ab-havasına girə bilmədi. Ona inanırıq, ruhdan düşməməlidir. Belə bir ağır oyunda çətinlik çəkdi".
Sonda baş məşqçi Azərbaycan millisində və "Şamaxı"da baş məşqçi kimi 3 məğlubiyyətin özünə mümkün təsirindən danışıb: "Əlbəttə, iki həftə ərzində 3 məğlubiyyət almaq çətindir. Harada uduzmağından asılı olmayaraq, gərək daha güclü olasan. Neçə illərdir Premyer Liqadayıq. Ardıcıl məğlubiyyətlər də, qələbələr də olub. Bu dəqiqə futbolçuların bu durumdan çıxmalarını, özlərinə inamlarının yaranmasını istəyirik. Hara və nə üçün vuruşduğumuzu bilirik. Belə hallara da hazır olmalıyıq. Belə rəqiblərə məğlubiyyət bizim üçün barışmazdır. Amma futbolda hər şey ola bilər".
















































































