Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Qaradağ Lökbatan" və "İmişli" komandaları arasında keçirilmiş oyun zamanı baş hakim Kamranbəy Rəhimovun idarəçilyi narazılıq yaradıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qarşılaşmanın ardından Premyer Liqa təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya açıqlama verib.
Portuqaliyalı mütəxəssis bildirib ki, "Qaradağ Lökbatan" çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açıb: "Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik".
Sonradan "İmişli" çətinliklə də olsa, vəziyyəti xeyrinə dəyişərək, uzatma dəqiqələrində vurduğu qol sayəsində 3:2 hesablı əzmkar qələbə qazanıb və mərhələ adlayıb.
Sözügedən oyun oktyabrın 28-də Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilib. Əslində "Qaradağ Lökbatan" "İmişli"ni Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda qəbul etməli idi. Lakin həmin idman qurğusu Azərbaycan Kubokunun tələblərinə cavab vermədiyi üçün matç "İmişli"nin ev oyunları üçün yararlandığı arenada baş tutub. Əsasnamənin tələbləri imkan versə də, bu mərhələnin qarşılaşmalarında VAR sisteminə ehtiyac duyulmayıb. Oyunu isə CBC Sport deyil, Peşəkar Futbol Liqasının yutub kanalı yayımlayıb. Həmin görüntülər isə bir kamera ilə lentə alındığı üçün referinin qərarında nə dərəcədə haqlı olduğunu müəyyənləşdirmək çətindir.
Rəhimov 82-ci dəqiqədə də penalti təyin edib. Bu dəfə 11 metrlik cərimə zərbəsi "İmişli"nin lehinə olub və Kaşkilyanın komandası imkanı qaçırmayıb.
İstənilən halda, baş məşqçinin belə açıqlaması müəyyən şübhələr yaradır. Çünki püşkə əsasən, bu cütün qalibi 1/8 finalda "Sabah"la üz-üzə gəlməlidir. Masazır təmsilçisi üçün "İmişli" arzuolunmaz rəqibdir. Çünki Azərbaycan Kubokunun son qalibi Premyer Liqada keçirdiyi 8 oyunda yeganə məğlubiyyətini məhz "İmişli"dən alıb. Ona görə də növbəti mərhələdə "İmişli" ilə yox, II Liqada çıxış edən "Qaradağ Lökbatan"la qarşılaşmaq ideal olardı.
"Sabah"ın AFFA-da təsir qüvvəsi, AFFA Hakimlər Komitəsi üzərində isə basqısının olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, ötən mövsüm "Neftçi"yə qarşı ilk yarımfinal oyunundan sonra VAR hakimi Rauf Allahverdiyev məhz Masazır klubunun tələbi ilə hakimlikdən uzaqlaşdırılıb. Zaman-zaman hakimlərin "Sabah" lehinə qərarlarının şahidi oluruq. Artıq kuluarlarda da bu məsələ geniş müzakirə olunmaqdadır və hakimlər oyunlara bu klubun xofu ilə çıxırlar.
Kamranbəy Rəhimov isə Premyer Liqa komandalarının iştirakı ilə oyunlara az-az təyinat alır. Ola bilsin, irəli getmək üçün "İmişli"ni penalti ilə dayandırmaq istəyib. Lakin o da istisna deyil ki, sonradan səhvini anlayıb və yanlışlığına yanlışlıqla cavabı "Qaradağ Löhbatan"ın qapısına penalti təyin etməklə verib. Yəni, özü üçün hesab 1:1, meydanda isə 2:2 olub.
Seymur








































































