Türkiyə Super Liqasının XIV turunda bu gün "Fənərbağça" "Galatasaray"ı qəbul edəcək.
Sportnet.az xəbər verir ki, "Ülker" Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq və oyunu baş hakim Yasin Kol idarə edəcək.
Liqada 13 turdan sonra 10 qələbə, 2 heç-heçə və 1 məğlubiyyəti olan "Qalatasaray" 32 xalla liderliyini qorumağa çalışacaq. “Sarı-qırmızılar” əsas rəqibi "Fənərbağça"nın 1 xal önündə matça çıxacaq.
Mövsümdə hələ məğlub olmayan "Fənərbağça" isə 9 qələbə və 4 heç-heçə ilə 31 xal toplayıb. “Sarı-lacivərdlilər” ev oyununda liderliyi ələ keçirməyi hədəfləyir.
"Qalatasaray"da zədəli Vilfrid Sinqo, İsmail Yakobs, Kaan Ayhan və Berkan Kutlu derbidə iştirak etməyəcək. Qırmızı vərəqə cəzalısı Roland Şallai, eləcə də mərc oyunları araşdırması səbəbindən cəzalandırılan Eren Elmalı və Metehan Baltacı da qarşılaşmada forma geyinməyəcək.






































































