"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "İmişli"yə əlavə vaxtda 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, litvalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə qərib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissə o qədər də yaxşı çıxış etmədik. İkinci hissə rəqibin təhlükəli epizodlar yaratdılar. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi "Neftçi"yə qarşı vacib matç gözləyəcək.
- Qapınıza təyin edilən penaltinin təkrarına baxmısınız? Orada top futbolçunuzun əlinə dəymişdi?
- Siz gördünüz? Mən bu barədə müzakirə aparmaq istəmərəm. Amma içimdən "yanıram". Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim lehimizə penalti verə bilərdilər. Hakimlər fərqli qərarları verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Biz özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik.
- "Sabah"ın finala vəsiqə və yenidən kubokun qalibi olma şansını necə dəyərləndirirsiniz?
- Bu, yeni mövsümdür və klubun yeni baş məşqçisi var. Bir faiz belə, kubokda gələcəkdə nələr olacağını fikirləşmirəm. İndi qarşıdan gələn "Neftçi" və daha sonra "Turan Tovuz"la oyunları düşünürəm. Məni daha çox qarşıdan gələn görüşlər maraqlandırır. Sabahkı məşq bu dəqiqə mənim üçün daha önəmlidir. "Neftçi"yə qarşı ağır oyunumuz olacaq.
- "Sabah" "Neftçi" ilə oynayacaq. Siz kubok matçını onlardan bir gün sonra keçirmisiz. Bu məqam rəqibə üstünlük verə bilər?
- Mən bunu dəyişə bilərəm? Xeyr. Daha çox öz nəzarətim altında olanları dəyişmək istəyərdim. Mən bunu dəyişə bilmərəm. Vəzifəm uşaqları oyuna daha yaxşı adaptasiya etməkdir.






































































